- Details
- Dərc edilib: 07 Noyabr 2026
- Oxunma sayı: 50
Hörmətli professor-müəllim heyəti, əziz əməkdaşlar və tələbələr!
Sizi Azərbaycan xalqının milli qürur və iftixar tarixinin ən parlaq səhifələrindən olan 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, firavanlıq və fəaliyyətinizdə yeni uğurlar arzulayıram!
8 Noyabr – Zəfər Günü xalqımızın çoxəsrlik dövlətçilik tarixində, milli yaddaşında və müasir Azərbaycanın inkişaf salnaməsində xüsusi yeri olan möhtəşəm tarixi hadisədir. Bu şanlı Zəfər Azərbaycan xalqının milli birliyinin, sarsılmaz iradəsinin, Vətən sevgisinin və ordumuzun misilsiz qəhrəmanlığının təntənəsidir. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası ilə nəticələnərək xalqımızın azadlıq və müstəqillik əzmini bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz həmrəyliyi sayəsində əldə edilən bu tarixi Qələbə milli qürur mənbəyimizə, gələcək nəsillər üçün əbədi örnəyə çevrildi.
Bu Zəfərin arxasında Vətən uğrunda canından keçən şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı dayanır. Onların hər biri xalqımızın yaddaşında əbədi yaşayacaq. Müstəqil, bütöv və suveren Azərbaycan naminə həyatını fəda edən bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı və uzun ömür arzulayıram.
Bu gün Zəfərimizin siyasi, hərbi və mənəvi nəticələri ölkəmizin həyatının bütün sahələrində öz əksini tapır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın yeni inkişaf mərhələsinin mühüm göstəricisidir. Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, yollar, tunellər, körpülər, hava limanları, təhsil və səhiyyə müəssisələri, yaşayış kompleksləri inşa edilir. Tarixi və mədəni irsimiz bərpa olunur, doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın Böyük Qayıdışı təmin edilir. Bu gün azad torpaqlarımızda həyatın yenidən canlanması, yeni yaşayış məskənlərinin salınması, məktəblərin, mədəniyyət və sosial obyektlərin fəaliyyətə başlaması Zəfərimizin davam edən quruculuq təntənəsidir.
Dövlət başçısının ölkə üzrə həyata keçirdiyi genişmiqyaslı abadlıq, yenidənqurma və inkişaf siyasəti, regionların sosial-iqtisadi potensialının gücləndirilməsi, şəhər və kəndlərimizin müasirləşdirilməsi, əhalinin rifahının yüksəldilməsi istiqamətində atılan ardıcıl addımlar Azərbaycanın gələcəyə inamla irəlilədiyini nümayiş etdirir. Bütün bu proseslər müstəqil dövlətimizin qüdrətinin, iqtisadi imkanlarının və xalqımızın qurub-yaratmaq əzminin bariz ifadəsidir. Bu gün biz Zəfəri yalnız tarixi qələbə kimi deyil, həm də quruculuq, inkişaf, tərəqqi və milli həmrəylik naminə yeni məsuliyyət kimi dəyərləndirməliyik.
9 Noyabr – Dövlət Bayrağı Günü isə milli kimliyimizin, dövlət müstəqilliyimizin və suverenliyimizin rəmzi olan üçrəngli bayrağımıza ehtiram günüdür. Mavi, qırmızı və yaşıl rənglərin ifadə etdiyi milli-mənəvi dəyərlər, müasirlik və milli-mədəni kimlik ideyaları dövlətçilik fəlsəfəmizin əsasını təşkil edir. Bu gün üçrəngli bayrağımız azad edilmiş torpaqlarımızda, şəhər və kəndlərimizdə, dövlətimizin suverenliyinin bərqərar olduğu bütün ərazilərdə qürurla dalğalanır. Bayrağımızın ucalığı xalqımızın birliyinin, dövlətimizin qüdrətinin və müstəqilliyimizin əbədiliyinin rəmzidir.
Təhsil müəssisəsi olaraq bizim də üzərimizə mühüm vəzifələr düşür. Gənc nəslin vətənpərvərlik, dövlətçilik, milli-mənəvi dəyərlərə bağlılıq ruhunda yetişdirilməsi, Zəfər tariximizin dərindən öyrədilməsi, şəhidlərimizin qəhrəmanlıq yolunun və qazilərimizin fədakarlığının gələcək nəsillərə çatdırılması fəaliyyətimizin əsas istiqamətlərindən biri olmalıdır. İnanıram ki, ADPU-nun Şəki filialının professor-müəllim heyəti, əməkdaşları və tələbələri bundan sonra da öz fəaliyyəti, elmi-pedaqoji nailiyyətləri, vətəndaşlıq mövqeyi və dövlətçiliyimizə sədaqəti ilə ölkəmizin inkişafına layiqli töhfələr verəcəklər.
Əziz həmkarlar!
Bu əlamətdar günlər münasibətilə hər birinizi bir daha səmimi qəlbdən təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət, fəaliyyətinizdə uğurlar arzulayıram. Arzumuz budur ki, üçrəngli bayrağımız daim yüksəklərdə dalğalansın, müstəqil Azərbaycanımız daha da qüdrətlənsin, ölkəmizdə sülh, əmin-amanlıq və tərəqqi əbədi olsun!
Yaşasın müstəqil Azərbaycan!
Yaşasın Azərbaycan xalqının birliyi və həmrəyliyi!
Zəfərimiz əbədi, bayrağımız daim uca olsun!
