Bu gün ümumxalq faciəmizin 33-cü ildönümüdür. Lakin bununla bərabər, bu gün xalqımızın oyanışının, azadlıq uğrunda mübarizəsi tarixinin qəhrəmanlıq səhifəsi və milli qürur günüdür.
Hər bir tarixi hadisənin yetişdiyi şərait, həmçinin obyektiv və subyektiv səbəbləri vardır. Qanlı yanvar hadisəsi də qərbdə şər imperiyası adlandırılan sovet imperiyasının düzgün olmayan siyasətinin nəticəsi idi. 70 il ərzində xalqları ideoloji maşını ilə saxlamağa çalışan bu imperiyanın süqutunun son onilliklərində artıq varlığının resursları aşınmış, bütün aydın intellektə sahib olan insanların təfəkküründə imperiyanın mövcudluğu sual işarəsi altında qalmışdı. 80-ci illərin ortalarında sovet ölkəsinin ictimai-siyasi, iqtisadi və mənəvi həyatında yaranmış böhranın simptomları elmi-texniki tərəqqinin ləngiməsində, infrastrukturun zəifliyində, maddi ehtiyatların qıtlığında təzahür etsə də, ən böyük problem imperiyanın respublikalar arasında apardığı ədalətsiz bölgü siyasəti, həmçinin türk-müsəlman xalqları ilə əlaqədar ayrı-seçkiliyi idi. Ötən onilliklər ərzində imperiyada mərkəzin təzyiqi altında istehsal etdiyi məhsulun çox hissəsini ittifaqa vermək məcburiyyətində qalan türk respublikalarından biri də Azərbaycan olmuşdur. Azərbaycanda illik milli gəlirin 20-25%-i ittifaq fondunun yaradılmasına yönəldilirdi. Bu sahədə ən böyük zərər də Azərbaycana dəymişdi. Dəqiq hesablamalar göstərirdi ki, Azərbaycan ittifaq fondlarının yaradılmasında digər respublikalar kimi iştirak etsəydi, hər il 2,5 milyard manatdan çox əlavə vəsaiti özündə saxlamış olardı ki, bu vəsait hesabına respublika əsas göstəricilər üzrə dünyanın inkişaf etmiş ölkələrini ötüb keçə bilərdi. Halbuki milli gəlirin əhalinin hər nəfərinə düşən məbləğinə görə, Azərbaycan keçmiş ittifaq respublikaları arasında sonuncu yerlərdən birini tuturdu. 70 il ərzində ittifaq hökuməti Azərbaycanı soymuş, onun hesabına başqa respublikaları, o cümlədən Ermənistanı sənayeləşdirmişdir.
İttifaq dövləti federativ dövlət kimi yaransa da, unitar qurum kimi mövcud olmuşdur. İmperiyanın tərkibində 140-a yaxın millət, xalq və etnik qrup yaşayırdı. Bu dövlət bir çox xalqları (xüsusən türkləri) əzmək və cəzalandırmaq, sürgün etmək kimi dəhşətli faktlarla tarixin qara səhifəsinə daxil olmuşdu. Hakim üsuli-idarənin mənəvi dayağı olan kommunist ideologiyasının zaman keçdikcə iflasa uğraması, dövlətin qanunlarla deyil, partiya elitasının maraqları ilə idarə edilməsi, qanunsuzluq və ona qarşı mübarizənin səmərəsizliyi xalqı siyasi həyata münasibətdə laqeydləşdirmişdi. SSRİ rəhbərliyinin növbəti böhranlı vəziyyətdən qurtarmaq üçün 80-ci illərin ikinci yarısında etdiyi cəhdlər isə vəziyyəti bir az da gərginləşdirmişdi. Onilliklər ərzində yığılıb qalan çox kəskin problemlər, keçid dövrünün ağrılı çətinlikləri, yenidənqurma gedişində yol verilmiş nöqsanlar imperiyanın şüqutunu sürətlə yaxınlaşdırırdı. Xalq öz real vəziyyətini dərk etməyə başlamışdı. Ona görə də son vaxtlar suveren hüquqların hakim-şovinist dairələr tərəfindən tapdalanmasına, respublikaların milli sərvətlərinin talan olunmasına, ermənilərin özbaşınalığına, mərkəzin susqunluğuna qarşı etirazlar güclənməkdə idi. 1988-ci ilin ilk günlərindən Ermənistanın Azərbaycana qarşı açıq təcavüzünü imperiyanın dəstəkləməsi də xalqı məyus etmişdi.
Ona görə də Azərbaycan xalqının imperiyaya qarşı güclü etirazı və milli birliyi məhz meydan hərəkatında özünü göstərdi. Respublikamızın bütün şəhər və rayonlarını bürümüş qüdrətli xalq hərəkatı kommunist rejimini Azərbaycandan süpürüb atmaq təhlükəsi yaratmışdı. Sovet rejimindən qurtarmaq, Ermənistanda və Qarabağın dağlıq hissəsində erməni separatçılığına və terrorizminə son qoymaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, sərvətlərimizin talan edilməsini dayandırmaq kimi tələblərlə başlamış “Meydan hərəkatı” tezliklə ümumxalq milli azadlıq hərəkatının əsasına çevrilmişdi. Lakin xalqın müstəqilliyə doğru uzanan yolu 1988-ci il 17 noyabrından - Azadlıq meydanından başlasa da, zirvə nöqtəsinə qanlı yanvarda çatdı. Xalq iflas həddində olan imperiyanın ikili siyasətinə artıq dözə bilmirdi. İdeologiyası iflasa uğrayan sovet dövlətiniin isə öz hakimiyyətini saxlamaq üçün bir yolu qalmışdı - xalqın azadlıq istəyini boğmaq. Hakimiyyət çıxış yolunu həmişəki kimi, xalqı qorxutmaqda görürdü. Ona görə də SSRİ hakimiyyəti 1990-cı il qanlı yanvar hadisələrini törətdi. Bu hadisə zamanı Azərbaycan xalqı ümumilikdə 147 şəhid vermişdi ki, onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar idi. Faciə nəticəsində 744 nəfər yaralanmış, 400 nəfər həbs edilmişdi. Lakin imperiya caniləri yanılmışdılar. 1990-cı ilin yanvar qırğını Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini nəinki qıra bilmişdi, əksinə, xalqı daha da mətinləşdirmiş və birləşdirmişdi. Xalq imperiyanın əsl simasını indi dərk etmişdi. Məhz həmin günlərdə dəstə-dəstə insanlar partiya-sovet orqanlarının qarşısına axışır və sovetlərin başlıca mənəvi siyasi simvolu olan partiya biletlərini cırıb atırdılar. Bu, imperiyanın iflası demək idi. Əliyalın xalqı ağır silahlarla silahlanmış ordu ilə də qorxutmaq mümkün olmamışdı.
1990-cı ilin qanlı yanvar hadisələri - dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi bu faciə, əslində, yalnız Azərbaycan xalqına qarşı deyildi, həmçinin ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən cinayət idi. Lakin bu hadisələr Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda, xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, Vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut edirdi. Şəhidlər bizə Vətəni necə sevməyi, azadlıq, müstəqillik uğrunda qurban getməyi öyrətmişdilər. Onlar ölümləri ilə ölümsüzlük qazanmışdılar.
Bu faciə həm də öz azadlığı uğrunda mübarizəyə qalxmış xalqın mənəvi qələbəsi idi, milli qürur hissinin təntənəsi idi. Şəhidlərin dəfn mərasimi isə milli birliyin, əsl ümumxalq hüznünün, parlaq oyanışın təcəssümü idi. Şəhidlərin torpağa tapşırılması prosesi o zamana qədər görünməmiş bir izdiham ilə müşayiət olunurdu. Milyondan artıq insan bu prosesdə iştirak etmişdi. Qanlı yanvar hadisələri bütün azərbaycanlıların gücünü, Vətən sevgisini göstərirdi. Həmin müdhiş gecədə həlak olan Vətənin oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazmışdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açmışdılar. Məhz buna görə də 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin, oyanışının rəmzinə çevrilmişdi. Onların mənəvi ruhundan güc alan gəncliyimiz məhz, Vətən torpaqlarımızı işğaldan azad etdi. Bu əzmin, iradənin məntiqi nəticəsi olaraq, xalqımız bu gün müqəddəs arzusuna çata bilib. Onların davamçıları, varisləri – Azərbaycan xalqının igid övladları Ali Baş Komandanımızın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində düşməndən Vətən torpaqlarımızı geri qaytara bildilər.
Azərbaycan xalqı heç zaman öz qəhrəman oğul və qızlarını unutmur. Hər il yaddaşlarda silinməz iz qoyan 20 Yanvarda Şəhidlərimizin ruhuna dərin ehtiram əlaməti olaraq xalqımız öz qəhrəman övladlarının əziz xatirəsini hörmətlə yad edir.
Bütün Şəhidlərimizə Allah rəhmət eləsin.