Noyabrın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında dünya şöhrətli kimyaçı alim - akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib.
Seminarda filialın və onun ayrı-ayrı sutrukturların rəhbərləri, professor-müəllim heyətinin təmsilçiləri və tələbələr iştirak ediblər. Elmi seminarı giriş sözü ilə açan filialın direktoru dosent Vurğun Məmmədov Azərbaycan kimya elminin görkəmli nümayəndəsi, öz kəşf və ixtiraları ilə neft kimyası sahəsində inqilabi yeniliklər etmiş, ölkəmizdə kimya sənayesinin, kimyaçılar məktəbinin əsasını qoymuş akademik Yusif Məmmədəliyevin elmi xidmətlərindən bəhs edib.
Sonra filialın elmi işlər üzrə direktor müavini dosent Nuralı Çələbiyev “Dünya kimya elminə töhfələr vermiş görkəmli alim Yusif Məmmədəliyev” mövzusunda təqdimatla çıxış edib. Natiq qeyd edib ki, ölkə başçısı, Cənab Prezident İlham Əliyev akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyi ilə əlaqədar 05 iyul 2025-ci il tarixli Sərəncam imzalayıb. Bu, təsadüfi deyil. Çünki Yusif Məmmədəliyev Azərbaycanı dünyada tanıdan, dünya elminə xüsusi töhfələr vermiş görkəmli elm adamı, elm təşkilatçısı, ixtiraçı alim olub. Cəmi 56 il ömür sürmüş (1905-1961) görkəmli alim Azərbaycanda neft kimyasının təməlini qoyub, neft xammalı bazasında katalitik sintez yolu ilə qiymətli sənaye məhsullarının alınması üçün tətbiqi əhəmiyyətli texnoloji proseslərin işlənib hazırlanmasına nail olub. Akademik Yusif Məmmədəliyev 200-dən çox elmi əsərin, 15 kəşf və ixtiranın müəllifi olmaqla yanaşı, həm də 12 nəfər alimin elmlər doktoru, 29 nəfərin isə fəlsəfə doktoru elmi dərəcəsi alması üçün elmi tədqiqat işlərinə rəhbərlik edib.
II Dünya Müharibəsi illərində kimyəvi sintez yolu ilə yüksək oktanlı aviasiya yanacağının əldə edilməsində müstəsna xidmətləri olan alim bu kəşfinə görə yüksək dövlət mükafatlarına layiq görülüb.
Elmi seminarda filialın Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri professor Firədun İbrahimov çıxış edərək, böyük alimin elmə töhfələrindən bəhs edib, belə elm adamlarını xalqımızın milli sərvəti adlandırıb.
Elmi seminarda akademik Yusif Məmmədəliyevin həyatına və elmi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Elmi seminar direktor dos.Vurğun Məmmədovun yekun sözü ilə başa çatıb.
