ADPU Şəki filialı

Əlaqə vasitələri

19–20 dekabr tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Odlar Yurdu Gənclər İctimai Birliyinin təşkilati təşəbbüsü ilə Şəki şəhərində “Bir Qəhrəmanın İzində – Gənclər üçün Yaradıcı Axtarış Oyunu” layihəsi həyata keçirilib. Layihə Gənclər Fondunun 2025-ci il üzrə elan etdiyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində qrant müsabiqəsinin qalibləri sırasındadır. Layihə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında təşkil olunub və iki gün ərzində ümumilikdə 35 gənci əhatə edib. Tədbirin birinci günündə ADPU-nun Şəki filialının Karyera mərkəzinin müdiri Xuraman Həmidova qonaqları salamlayaraq tədbiri açıq elan edib və iştirakçıları təqdim edib. Daha sonra layihə rəhbəri Sahibə İbrahimova çıxış edərək layihənin məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verib. Ardınca elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyevin məruzəsi dinlənilib. Odlar Yurdu Gənclər İctimai Birliyinin sədri Könül Bayramova isə təşkilatın fəaliyyəti və layihənin gənclər üçün əhəmiyyəti barədə iştirakçıları məlumatlandırıb. Tədbirin əsas məqsədi gənclər arasında milli-mənəvi dəyərlərin və qəhrəmanlıq tarixinin təbliği, eyni zamanda komanda işi və liderlik bacarıqlarının inkişaf etdirilməsi olub. Layihənin ilk günü “Azərbaycanın qəhrəmanlıq tarixi” mövzusunda keçirilən öyrədici sessiyalarla yadda qalıb. Təlimlər zamanı iştirakçılara ölkəmizin tarixi mübarizə yolu, qəhrəmanlıq nümunələri və suverenlik anlayışı haqqında ətraflı məlumat verilib, mövzu ətrafında interaktiv müzakirələr aparılıb. Layihənin ikinci günündə isə “Komanda işi və liderlik” mövzusunda təlimlər təşkil olunub. Gənclərin əldə etdikləri bilik və bacarıqları praktik şəkildə tətbiq etmələri məqsədilə KVEST formatlı yaradıcı axtarış oyunu keçirilib. Komandalar müxtəlif tapşırıqları yerinə yetirərək əməkdaşlıq, strateji düşünmə və liderlik bacarıqlarını nümayiş etdiriblər. Oyun sonunda qalib komandalara hədiyyələr təqdim olunub. Layihənin yekununda bütün iştirakçılara sertifikatlar, fərqlənən gənclərə isə təşəkkürnamələr təqdim edilib. Tədbir xatirə fotosunun çəkilməsi ilə başa çatıb.