ADPU Şəki filialı

Əlaqə vasitələri

May 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş XVI Tələbə Elmi Konfransı keçirilib. Filialin rəhbərliyi, professor-müəllim heyəti və tələbələrinin iştirak etdiyi konfransın plenar iclasını giriş sözü ilə ADPU-nun Şəki filialının direktoru, r.e.d., dos.R.A.Rasulov açaraq, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə filialda silsilə tədbirlərin, elmi konfransların davam etdiyini bildirib. Qeyd olunub ki, ulu öndərin ideya-nəzəri irsinin öyrənilməsinə yönələn bu cür silsilə tədbirlərin ilboyu davam etdirilməsi nəzərdə tutulub. Sonra elmi işlər üzrə direktor müavini, p.ü.f.d., dos. N.Z.Çələbiyev ali təhsil müəssisələrində tələbələrin elmi-tədqiqat fəaliyyətinin təşkili və həyata keçirilməsi texnologiyası mövzusunda məruzə edib.
Filialın Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri baş müəllim S.T.Feyzullayeva çıxış edərək, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixindəki xidmətlərindən və ölkədə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. Qeyd olunub ki, bu il tələbə elmi konfransına 123 tələbə elmi tədqiqat işi təqdim edilib. Konfransın plenar iclasında filialın “Tarix və coğrafiya müəllimliyi” ixtisasının IV tədris ili tələbəsi Zülayim Musayevanın
“Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu, Türk dünyasının öndərlərindən biri kimi”,
“Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının II tədris ili tələbəsi Əfsanə Əbdürəhimovanın “Heydər Əliyev – böyük Azərbaycanşünas”, Tarix və coğrafiya müəllimliyi” ixtisasının II tədris ili tələbəsi Nəzrin İsmayılovanın “Qarabağa dair tarixi gerçəkliklər”, IV tədris ili tələbəsi Nəzrin Alxasovanın “Azərbaycanda milli rəngarənglik - etnik azlıqlar” mövzusunda məruzələri dinlənilib və plenar iclas basa çatıb.
Konfrans öz işini mayın 3-də beş bölmə iclasında davam etdirəcək.
Qeyd edək ki, Humanitar və sosial elmlər bölməsi üzrə 36, təbiət və dəqiq elmlər bölməsi üzrə 21, filologiya elmləri bölməsi üzrə 24, pedaqogika və psixologiya elmləri bölməsi üzrə 18, xarici dillər bölməsi üzrə 19 tələbə elmi tədqiqat işi dinləniləcək. Konfrans öz işini başa çatdırdıqdan sonra bölmə rəhbərlərinin hesabatları nəzərə alınaraq, ən yaxşı tələbə elmi tədqiqat işlərinin müvafiq meyarlara əsasən müəyyənləşdirilməsi və tələbələrin mükafatlandırılması nəzərdə tutulub.