- Details
- Dərc edilib: 10 İyun 2025
- Oxunma sayı: 82
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında əməkdaşların peşəkar inkişafının dəstəklənməsi məqsədilə ingilis dili üzrə 6 həftəlik təlim proqramına start verilib. Təlimlərin təşkili filial əməkdaşları arasında aparılmış ehtiyacların müəyyənləşdirilməsi üzrə sorğunun nəticələrinə əsaslanır.
Təlimlər Keyfiyyətin təminatı şöbəsinin təşəbbüsü və Dillər və onların tədrisi texnologiyası kafedrasının təşkilatçılığı ilə həyata keçirilir. Proqramın məqsədi filial əməkdaşlarının xarici dil bacarıqlarını inkişaf etdirmək, eləcə də beynəlxalq elmi-akademik mühitə inteqrasiyanı təşviq etməkdir.
Qeydiyyatdan keçmiş iştirakçılar təlimə başlamazdan əvvəl pre-test (səviyyə testi) mərhələsində iştirak edərək 50 sualdan ibarət testə cavab veriblər. Test nəticələrinə əsasən 20-dən çox düzgün cavab vermiş 24 əməkdaş ilkin mərhələdə təlimlərə cəlb olunub. Səviyyə göstəriciləri nisbətən aşağı olan əməkdaşlar üçün isə yeni tədris ilinin əvvəlində əlavə 6 həftəlik təlimlərin təşkili planlaşdırılır.
Təlimləri Dillər və onların tədrisi texnologiyası kafedranın TKT, CELTA, IELTS, TESOL kimi beynəlxalq sertifikatlara malik təcrübəli müəllim heyəti aparır. Təlim proqramının sonunda iştirakçılara və təlimçilərə sertifikatların təqdim olunması nəzərdə tutulur.
Bu təşəbbüsün ADPU-nun Şəki filialında beynəlmiləlləşmə siyasətinin və keyfiyyətin təminatı mexanizmlərinin tərkib hissəsi kimi, tədris və idarəetmədə dil kompetensiyalarının artırılmasına mühüm töhfə verəcəyi gözlənilir.