- Details
- Dərc edilib: 07 Mart 2026
- Oxunma sayı: 97

Hörmətli xanım əməkdaşlarımız, məzunlarımız, əziz tələbə qızlarımız!
Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti və həyatınızın bütün sahələrində yeni uğurlar arzulayıram.
Qadın cəmiyyətin mənəvi dayağı, ailənin istiliyi və gələcəyin memarıdır. Azərbaycan qadını tarix boyu öz müdrikliyi, mərdliyi və yüksək mənəvi keyfiyyətləri ilə seçilmiş, xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində mühüm rol oynamışdır. Elm, təhsil, mədəniyyət və dövlət quruculuğu sahələrində qazandığı uğurlar Azərbaycan qadınının cəmiyyət həyatındakı əvəzsiz yerini bir daha təsdiq edir.
Xalqımızın tarixində Azərbaycan qadınının qəhrəmanlıq və fədakarlıq nümunələri xüsusi yer tutur. Vətənimizin taleyüklü məqamlarında qadınlarımız böyük mərdlik nümayiş etdirmiş, Vətənə sədaqətli, cəsur və igid oğullar yetişdirərək torpaqlarımızın azadlığı və dövlətimizin müstəqilliyi uğrunda mübarizəyə böyük töhfə vermişlər. Bu gün qürurla deyə bilərik ki, qəhrəman şəhidlərimizin arxasında onları vətənpərvərlik ruhunda böyüdən fədakar Azərbaycan anaları dayanır.
Azərbaycan dövlətində qadınlara verilən yüksək dəyər və diqqət dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Ümummilli lider Heydər Əliyev qadınların cəmiyyət həyatında fəal iştirakını daim yüksək qiymətləndirərək onların hüquq və imkanlarının genişləndirilməsinə xüsusi önəm vermiş, qadınların ictimai-siyasi proseslərdə daha geniş təmsil olunması üçün mühüm addımlar atmışdır. Bu siyasət bu gün də uğurla davam etdirilir. Möhtərəm cənab prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətində də qadınların sosial, ictimai və siyasi həyatda rolunun artırılması prioritet məsələlərdən biri kimi diqqətdə saxlanılır.
Bu baxımdan Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz geniş ictimai fəaliyyəti, humanizmə əsaslanan təşəbbüsləri və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində gördüyü böyük işlərlə Azərbaycan qadını üçün nümunəvi bir obraz yaratmışdır.
Universitetimizin filialında çalışan və təhsil alan xanımlar da bu şərəfli ənənəni davam etdirərək elmə, təhsilə və gənc nəslin yetişdirilməsinə öz dəyərli töhfələrini verirlər. Sizin zəhmətiniz, məsuliyyətli fəaliyyətiniz və fədakarlığınız cəmiyyətimizin inkişafına xidmət edir və gələcəyimizin daha möhkəm təməllər üzərində qurulmasına mühüm töhfə verir.
Əziz xanımlar!
Bir daha sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Bayramınız mübarək olsun!
