- Details
- Dərc edilib: 11 Sentyabr 2026
- Oxunma sayı: 32
Sentyabrın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Elmi Şurasının 2026-2027-ci tədris ili üzrə ilk iclası keçirilib. İclası açan filialın direktoru, sədr dos.Vurğun Məmmədov Şura üzvlərini salamladıqdan sonra kollektivin 2025-2026-cı tədris ilində əldə etdiyi nailiyyətlərdən bəhs edib və bildirib ki, ən böyük nailiyyət yeni tədris ili üçün filialda “Turizm işinin təşkili” və “Psixologiya” kimi qeyri-pedaqoji ixtisaslara qəbulun aparılması, filialın 38 nəfər məzununun isə müxtəlif ali məktəblərin magistraturalarına qəbul olması olub. Şuranın sədri, dos.Vurğun Məmmədov qeyd edib ki, 2026-2027-ci tədris ili üçün filialın 11 ixtisası üzrə ayrılmış 285 nəfər plan yerinə qarşı 253 nəfər tələbə qəbul olunub.
Sədr Elmi Şura iclasının gündəliyi ilə Şura üzvlərini tanış edib. Gündəlik səsə qoyulub və qəbul edilib.
Filialın, Elmi Şuranın və struktur bölmələrin 2026-2027-ci tədris ili üçün iş planları və gündəlikləri haqqında I məsələ ilə əlaqədar elmi işlər üzrə direktor müavini, dos.Nuralı Çələbiyev məlumat verib. O qeyd edib ki, filialın 2024-cü ildə təsdiq edilmiş 2024-2028-ci illəri əhatə edən “Strateji İnkişaf Planı” əsas götürülməklə filialın və struktur bölmələrin, həmçinin Elmi Şuranın illik iş planları hazırlanıb. İş planları müvafiq struktur bölmələrdə müzakirə edilib.
Lakin ADPU-nun 2025-2030-cu illəri əhatə edən “Strateji İnkişaf Planı” əsasında filialın iş planlarının yeni tələblərə uyğunlaşdırılmasına zərurət yaranıb. Odur ki, həm filialın Strateji İnkişaf Planı, həm illik iş planı, həm də struktur bölmələrin illik fəaliyyət planları yeni dövrün çağırışlarına uyğunlaşdırılması üçün yenidən nəzərdən keçirilməlidir.
“2026-2027-ci tədris ili üçün filialda tələbə qəbulunun yekunları və qarşıda duran vəzifələr haqqında” tədris işləri üzrə direktor müavini, dos.Gülarə Abdullayeva geniş məlumat verib, yeni tədris ilinə, o cümlədən 15 sentyabr – Bilik Gününə hazırlığın vəziyyəti, dekanlıqlar və kafedralarda aparılan planlaşma işləri haqqında öz mülahizə və təkliflərini bildirib.
Elmi Şura iclasında Şura üzvlərindən prof.Firədun İbrahimov, dos.Rafiq Rasulov, dos.Gülarə Abdullayeva, dos.Nuralı Çələbiyev, baş müəllim Nərminə Nəsrullayeva, müəllim Səmra Rəsulova-Süleymanova çıxış edərək müzakirə edilən məsələlərlə bağlı öz rəy və təkliflərini bildiriblər.
Elmi Şurada gündəlikdəki cari məsələlər də müzakirə edilməklə müvafiq qərarlar qəbul edilib.
