Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Qafqaz üçün Regional Ekoloji Mərkəzin Azərbaycan filialının (REM Azərbaycan) əməkdaşları ilə görüş keçirilib. Görüşdə REM Azərbaycanın direktoru Yaşar Kərimov, filialın eksperti Nəzrin Qocayeva, əməliyyat meneceri İlahə İbrahimova, mütəxəssisi Aslan Şixəliyev, ADPU-nun Şəki filialının müəllim və tələbələri iştirak ediblər. Görüşün keçirilməsində məqsəd REM Azərbaycanın “Qafqaz regionunda meşələrə qlobal baxış platformasının təşviqi” adlı texniki yardım layihəsi çərçivəsində meşələrin qırılmasının qarşısının alınması üçün maraqlı tərəfləri texnologiya və məlumatla təmin etmək, meşə biomüxtəlifliyinin bərpası və mühafizəsi üzrə hədəflərə nail olmaq üçün istifadəsi rahat və innovativ alətlərin tətbiqi ilə bağlı görülən işlər haqqında iştirakçıları məlumatlandırmaq, həmçinin meşələri müşahidə və təhlil etmək üçün hazırlanmış onlayn Meşə Atlasının təqdimatını keçirmək olub.
Tədbiri giriş sözü ilə ADPU-nun Şəki filialının tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva açaraq, qonaqları salamlayıb, görüşün məqsədi və əhəmiyyəti haqqında iştirakçılara məlumat verib. Sonra REM Azərbaycanın direktoru Yaşar Kərimov qeyd olunan məsələlərlə bağlı rəhbərlik etdiyi mərkəzdə son dövrlərdə görülən işlər barədə məlumat verib və Azərbaycanın meşə örtüyünün, biomüxtəlifliyin qorunması istiqamətində davamlı olaraq fəaliyyət göstərdiklərini vurğulayıb. Görüşdə ekspert Nəzrin Qocayeva mərkəz tərəfindən hazırlanmış onlayn Meşə Atlasının təqdimatını edib və onun quruluşu, istifadə qaydaları haqqında əhatəli məlumat verib.
Görüşdə iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Sonda xatirə şəkilləri çəkilib.