- Details
- Dərc edilib: 01 Oktyabr 2026
- Oxunma sayı: 12
Oktyabrın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Ailə və cəmiyyətin erkən nikahlara və dini radikalizmə qarşı mübarizədə rolu" mövzusunda maarifləndirici elmi seminar keçirilib. Seminarda filialın rəhbərliyi, professor-müəllim heyətinin nümayəndələri, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki sektorunun baş məsləhətçisi Səbahət Bağırova və tələbələr iştirak ediblər.
Seminarı açan filialın elmi işlər üzrə direktor müavini, dos. Nuralı Çələbiyev qeyd edib ki, müasir dövrdə ailə institutunu, milli ailə modelimizi təhdid edən ən xoşagəlməz tendensiyalardan biri boşananların sayının artması, nikahların və doğum göstəricisinin statistikasının aşağı düşməsidir. Boşanmaların artması erkən nikah əsasında qurulan, tələsik və məcburi nikaha əsaslanan gənc ailələrdə daha çox baş verir. Bu halların yaranmasında valideynlərin məsuliyyətsizliyi, yanlış seçimlər, maddi təminat, valideyn ailələrinin gənc ailənin həyatına müdaxiləsi, gənclərin evlilik həyatına hazır olmamaları və s. kimi amillər üstünlük təşkil edir.
Seminarda Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Səadət Feyzullayevanın təqdimatında "Erkən nikah insan zorakılğı və qanun pozuntusudur”, Humanitar fənlər kafedrasının müdiri, sosiologiya üzrə fəlsəfə doktoru, baş müəllim İbrahim Abdulsəlimlinin təqdimatında "Azərbaycan və dini radikalizm - sosioloji təhlil” mövzularında çıxışları dinlənilib. Seminarda çıxış edən Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki sektorunun baş məsləhətçisi Səbahət Bağırova tələbə-gəncləri sağlam həyat tərzini seçməyə, onları erkən nikah və dini fanatizmin yaratdığı radikalizmə qarşı ayıq-sayıq olmağa, gələcəkdə uğurlu karyera qurmaq üçün müəkəmməl təhsilin vacibliyini dərk etməyə səsləyib, son onilliklərdə erkən nikah və dini radikalizm halları, onların doğurduğu fəsadlarla bağlı çoxsaylı sübut və faktlar gətirib. Seminarın sonunda tələbələrin sualları cavablandırılıb.
