Fevralın 25-də ADPU-nun Şəki filialında Xocalı soyqrımının 29-cu ildönümünə həsr olumuş “Xocalı soyqırımı - yaddaşlardan silinməyən qanlı faciə” mövzusunda onlayn elmi konfrans keçirilib. Konfransda filialın professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Konfransı göriş sözü ilə açan filialın direktoru r.e.d., dos. Rafiq Rasulov Xocalı qətliamının təkcə Azərbaycan türklərinə qarşı həyata keçirilmiş cinayət deyil, bütün bəşəriyyətə, bəşəri dəyərlərin alçaldılmasına, gözdən salınmasına yönəldilmiş bir soyqırım aktı olduğunu vurğulayıb. Bildirilib ki, Xocalı soyqırımının 29-cu ili xüsusi bir tarixi şəraitdə qeyd olunur. Vətən müharibəsində əldə edilən böyük qələbə nəticəsində torpaqlarımız işğaldan azad edilib və Azərbaycanın ərazi bütövlüyü təmin edilərək Xocalı faciəsinin qurbanlarının və bütün şəhidlərimizin qisası alınıb.

Konfransda Humanitar fənlər kafedrasının müdiri, t.ü.f.d., baş müəllim Vüsal Baxışov “Xocalı soyqırımı və ona hüquqi siyasi qiymətin verilməsi (əldə olunmuş nəticələr və görüləcək işlər)”, kafedranın baş müəllimi Tahir Məhərrəmov “Xocalı soyqırımı erməni vəhşiliyinin növbəti təzahürüdür”, “İbtidai sinif müəllimliyi” ixtisasının III tədris ilinin tələbəsi Dinarə Yunusova “Xocalı soyqırımı qan yaddaşımız”, “Tarix-coğrafiya müəllimliyi” ixtisasının IV tədris ilinin tələbəsi İsmayıl İsmayılzadə “Xocalı soyqırımı - ermənilərin etnik təmizləmə siyasətinin unudulmayan qanlı səhifəsi” mövzularında çıxış ediblər.

Konfransın sonunda Xocalı soyqırımına aid videoçarx nümayiş etdirilib.