Aprelin 14-də ADPU-nun Şəki filialının Dillər kafedrasının təşkilatçılığı ilə "Böyük Qələbə ölkəmizin tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır" adı altında vebinar keçirilib. Microsoft Teams platforması üzərindən təşkil olunan vebinarda filialın professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Vebinarı giriş sozü ilə filialın filologiya fakültəsinin dekanı, dosent Ulduz Mürşüdova açaraq, Vətən müharibəsində qələbəmizin Azərbaycan tarixində çox əhəmiyyətli və böyük bir hadisə olduğunu vurğulayıb, qələbəni şərtləndirən əsas amillərdən bəhs edib. Azərbaycanın dövlət başçısının apardığı məqsədyönlü daxili və xarici siyasətdən bəhs edən natiq hər zaman Azərbaycanın yanında olan dövlətlərə minnətdarlıq hissini ifadə edərək, Azərbaycan- Türkiyə münasibətlərinin hərtərəfli inkişafı ilə bağlı iştirakçılara ətraflı məlumat verib. Filialın pedaqoji fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, baş müəllim Xalidə Abdullayeva "Milli həmrəylik Azərbaycan xalqının arzusu, amalı və gücüdür", Dillər kafedrasının əməkdaşları - baş müəllim Aytən Qasımova "Şəhid ailələrinə və qazilərə qayğı göstərmək daim diqqət mərkəzindədir", baş müəllim Nərminə Nəsrullayeva "Ordumuz qürurumuzdur" mövzularında çıxış ediblər. Çıxış edən natiqlərin hər biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gərgin işindən, diplomatiya sahəsində uğurlu fəaliyyətindən və xalqın Ali Baş Komandanın ətrafında sıx birləşməsindən bəhs edərək, bütün bunların qələbəni şərtləndirən əsas amil olduğunu vurğulayıblar. Vebinarda Azərbaycanda ordu quruculuğunun nəticəsi olan müzəffər Azərbaycan ordusunun qəhrəmanlığından bəhs olunub, şəhidlərimizin xatirəsi hörmətlə yad edilib, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından bəhs edilib. Vebinarda Dillər kafedrasının müdiri, baş müəllim Əsmayə Əkbərova çıxış edərək qələbə ilə bağlı öz fikirlərini iştirakçılarla bölüşüb.
Vebinarın sonunda filialın tədris işləri üzrə direktor müavini, dosent Gülarə Abdullayeva çıxış edərək Vətən müharibəsində qələbənin təmin olunmasında Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyevin, müzəffər Azərbaycan ordusunun və xalqımızın rolundan bəhs edərək, filialın tələbə və məzunlarının da müharibədə göstərdikləri şücaətdən qürurla danışıb. Natiq belə tələbə və məzunların adlarını çəkərək, onların bir qisminin göstərdikləri igidlik və şücaətə - Cəbrayıl, Şuşa, Füzulinin işgaldan azad edilməsində iştirak etdiklərinə görə dövlət başçısının Sərəncamına əsasən medallarla təltif olunduğunu bildirib. Sonda dos. Gülarə Abdullayeva təşkilatçılara və çıxış edən həmkarlarına təşəkkürünü bildirib.