ADPU-nun Şəki filialının rəhbərliyinin filialın pedaqoji fakültə və filologiya fakültəsinin tələbələri ilə görüşü keçirilib. Microsoft Teams proqramı vasitəsilə keçirilən görüşdə direktor, riyaziyyat üzrə elmlər doktoru, dos. Rafiq Rasulov, tədris işləri üzrə direktor müavini dos. Gülarə Abdullayeva, fakültə dekanları dos. Ulduz Mürşüdova, fil.ü.f.d., baş müəllim Xalidə Abdullayeva, kafedra müdirləri, müəllim və tələbələr iştirak ediblər.
Görüşü filialın direktoru dos. Rafiq Rasulov açaraq çox mühüm bir mərhələnin - 2020-2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının yaxınlaşdığını bildirərək qeyd edib ki, artıq tədris ili başa çatmaq üzrədir. ADPU-nun Elmi Şurasının 29 aprel 2021-ci il tarixli iclasında yaz semestrinin imtahanlarının təşkilinə dair qaydalar təsdiq edilib və həmin qaydalara əsasən imtahanların onlayn (sinxron) şəkildə təşkili qəbul edilib. Sonra tədris işləri üzrə direktor müavini dos. Gülarə Abdullayeva imtahan sessiyasının təşkili ilə bağlı qaydaları ətraflı şəkildə izah edib, tələbələrin qaydalarla bağlı çoxsaylı suallarını cavablandırıb. Görüşdə Təbiət fənləri və onların tədrisi metodikası kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Firədun İbrahimov dəqiq fənlər üzrə imtahan suallarının tərtibi ilə, tələbələrin imtahan suallarını cavablandırması qatdası ilə bağlı tələbələrin sualını cavablandırıb.