ADPU-nun Şəki filialının Təbiət fənləri və onların tədrisi metodikası kafedrasının növbəti elmi seminarı keçirilib. Microsoft Teams platforması üzərindən keçirilən seminarda kafedra müdiri prof. Firədun İbrahimov və kafedranın əməkdaşları iştirak ediblər.
Elmi seminarı giriş sözü ilə kafedra müdiri prof. Firədun İbrahimov açaraq bildirib ki, elmi seminar “ Delphi proqramlaşdırma mühitində riyazi məsələlərin həlli” mövzusuna həsr olunub. Kafedra müdiri məsələ ilə bağlı öz fikir və mülahizələrini seminar iştirakçılarına çatdırdıqdan sonra məruzə üçün sözü Kompüter mərkəzinin müdiri, kafedranın baş müəllimi Gülnara Abdurahmanovaya verib. Məruzəçi öncə proqramlaşdırma dilləri haqqında lakonik məlumat verib, obyektyönlü proqramlaşdırmanın əsas prinsiplərinə kafedra əməkdaşlarının diqqətini yönəldərək, Delphi proqramlaşdırma mühitinin məxsusi xüsusiyyətlərinə aydınlıq gətirib, Delphi mühitində riyazi məsələlərin həlli yolları ilə bağlı mülahizələrini praktik əsaslarla təqdim edib.
Kafedra əməkdaşlarının xüsusi marağına səbəb olan məruzə ətrafında baş müəllimlər Gülnarə Qarayeva, Nuranə Cəbrayılova, Səadət Feyzullayeva çıxış ediblər