Sentyabr 29-da respublikanın digər ali təhsil müəssisələrində olduğu kimi, ADPU-nun Şəki filialında da ilk dərs günü olub. Covid-19 pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə tədris prosesinin uzun müddət onlayn həyata keçirilməsindən sonra, filialın professor-müəllim heyəti və tələbələri böyük ruh yüksəkliyi ilə əyani dərsə başlayıblar. Cari təmir və abadlıq işləri həyata keçirilmiş filialın səliqəli auditoriyalarında ilk dərslər başlayıb və ilk dərslərdə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən Vətən mühatibəsində həlak olan şəhidlərimizin xatirəsi yad edilib, ölkəmizin həmin müharibədə böyük qələbəsi və bu qələbəni şərtləndirən amillərdən bəhs olunub.
Qeyd edək ki, 2021-2022-ci tədris ilində filiala 9 ixtisas üzrə 242 nəfər tələbə qəbul olunub. Ənənəyə sadiq qalaraq, filial rəhbərliyi yeni qəbul olunan tələbələrlə görüş keçirib. Filialın professor-müəllim heyəti və tələbələr iştirak edən görüş pandemiya vəziyyətinin qaydaları gözlənməklə filialın həyətyanı ərazisində keçirilib. Görüşü filialın direktoru açaraq, yeni qəbul olunan birinci tədris ili tələbələrini təbrik edib, onların çox məsuliyyətli bir yola qədəm qoymalarını nəzərə çatdıraraq, təhsil sahəsində ölkəmizdə həyata keçirilən islahatlar və dövlət proqramları haqqında danışıb, təhsilimizin gələcək inkişafında onların üzərinə düşən vəzifələrdən bəhs edib. Sonra filialın elmi işlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nuralı Çələbiyev, Təbiət fənləri və onların tədrisi metodikası kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru Firədun İbrahimov, Ümumelmi fənlər kafedrasının müdiri, dosent Sədrəddin Bədiyev, tərbiyə işləri üzrə təşkilatçı, baş müəllim Xuraman Həmidova, filologiya fakültəsinin dekani, filologiya üzrə fəlsəfə doktoru, dosent Ulduz Mürşüdova, pedaqoji fakültənin dekanı, filologiya üzrə fəlsəfə doktoru, baş müəllim Xalidə Abdullayeva, Humanitar fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, baş müəllim Vüsal Baxışov, Dillər kafedrasının müdiri, baş müəllim Əsmayə Əkbərova çıxış edərək gəncləri təbrik edib, təhsil prosesində uğurlar arzulayıblar.
Qeyd edək ki, filiala yeni qəbul olunan tələbələrdən üç nəfəri 600-dən, üç nəfəri 500-dən çox bal toplayıb.
Sonda həmin tələbələrə Fəxri Fərman və hədiyyələr təqdim olunub.