Dekabrın 15-də ADPU-nun Şəki filialında Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə növbəti elmi seminar keçirilib. Seminar tələbələrin elmi təqdiqatçılıq bacarıqlarını artırmaq, onlara elmi tədqiqat işlərinin təşkili metodikası haqqında əhatəli məlumat vermək məqsədilə təşkil edilib. Seminarda TEC-in sədri baş müəllim Səadət Feyzullayeva, tələbə elmi tədqiqat işlərinə cavabdeh şəxslər: Ümumelmi fənlər kafedrasının baş müəllimi Kəmalə Ramazanova, Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müəllimi Günel Əliyeva, Humanitar fənlər kafedrasının baş müəllimi Pakizə Əliyeva, TEC-in şura və fakültə nümayəndələri iştirak ediblər.
Seminarda baş müəllim Səadət Feyzullayeva geniş məruzə ilə çıxış edərək, tələbələrin elmi tədqiqatlara motivasiya olunmasının əhəmiyyətindən danışıb, tələbə elmi tədqiqat işlərininn aparılma qaydaları və yazılmasına verilən tələblərlə iştirakçıları tanış edib. Müəllim Günel Əliyeva tələbə elmi tədqiqat işlərinin təqdimatı zamanı slaydların hazırlanması texnologiyası, baş müəllim Pakizə Əliyeva elmi tədqiqat prosesində vəsaitlərin, cədvəllərin mövzulara müvafiqliyinin diqqət mərkəzində saxlanılması və elmi ədəbiyyatdan istifadə qaydaları ilə bağlı çıxış ediblər. Seminarda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Sonda filialın yuxarı kurslarında təhsil alıb, elmi tədqiqat işi ilə bağlı təcrübəsi olan tələbələrə TEC-ə yeni üzv olan tələbələrlə əməkdaşlığı genişləndirmələri tövsiyə olunub.