Dekabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Azərbaycan Vəkillər Kollegiyasının üzvləri - Şəki Regional Vəkil Bürosunun müdiri Xəyal İbrahimov və vəkil Fərid Əliyevlə tələbələrin görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan filialın elmi işlər üzrə direktor müavini dosent Nuralı Çələbiyev qonaqları 28 dekabr - Vəkil Günü münasibətilə təbrik edib, hüquq sistemində vəkillik institutunun yeri, əmək funksiyaları, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında vəkillər tərəfindən göstərilən hüquqi yardımın əhəmiyyətindən bəhs edib.
Görüşdə çıxış edən vəkil-hüquqşünaslar Xəyal İbrahimov və Fərid Əliyev ölkə başçısının 25 dekabr 2019-cu il tarixli 1728 N-li Sərəncamı ilə hər il dekabrın 28-nin Vəkil Gününün peşə bayramı kimi qeyd edilməsinin cənab Prezidentin vəkillik xidməti ilə məşğul olan hüquqşünaslara diqqət və qayğısının təzahürü olduğunu qeyd etməklə yanaşı, vətəndaşlara göstərilən hüquq məsləhəti sahəsində, eləcə də zərərçəkmiş və təqsirləndirilən şəxslərin hüquqlarının qorunmasında, ədalətin bərqərar olmasında vəkillik fəaliyyəti ilə məşğul olan hüquqşünasların fəaliyyətinin müxtəlif aspektləri haqqında geniş məlumat verib, öz təcrübələrindən konkret nümunələr gətiriblər.
Tədbirin sonunda hüquqşünas vəkillər tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıblar.