Aprelin 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Məktəbəqədər təhsil” ixtisasının proqram akkreditasiyası üzrə təşkilat komissiyasının növbəti iclası keçirilib. İclası komissiyanın sədri, Pedaqoji fakültənin dekanı fil.ü.f.d., b.m. Xalidə Abdullayeva açaraq, özünütəhlil hesabatı ilə bağlı  məlumat verib, hesabatın tam hazır olduğunu vurğulayaraq müxtəlif meyarlar üzrə hesabatda qeyd olunan məqamları diqqətə çatdırıb. Filialın tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva “İbtidai sinif müəllimliyi” ixtisasının proqram akkreditasiyası zamanı tutulan bəzi iradların, verilən təkliflərin böyük əksəriyyətinin yerinə yetirildiyini  qeyd edib və “Məktəbəqədər təhsil” ixtisasının proqram akkreditasiyası üçün nəzərdə tutulan sənədlərin elektron formalarının tam hazır olduğunu vurğulayıb. Keyfiyyətin təminatı şöbəsinin müdiri, b.m. Nərminə Nəsrullayeva  akkreditasiya prosesi üçün hazırlanan sənədlərin artıq One drive vasitəsilə tələb olunan vaxtda yüklənməyə hazır olduğunu bildirərək qeyd edib ki, özünütəhlil hesabatı Təhsildə Keyfiyyət Təminatı Agentliyinə göndərildikdən sonra kafedra və digər strukturlarda sahə səfəri zamanı yerində yoxlanılacaq sənədlərin yığılma vəziyyətinin monitorinqi keçiriləcək. Filialın kitabxana müdiri Türkan Mirzəyeva təhsil proqramı üzrə təhsil alan tələbələrin kitabxana tərəfindən keçirilmiş sorğuda iştirakı və təklifləri barədə danışıb. Qeyd olunub ki, tezliklə filialda növbəti “Kitab karvanı” yarmarkasının keçirilməsi planlaşdırılıb. İclasın sonunda təhsil proqramı üzrə özünütəhlil hesabatının müzakirə üçün filialın Elmi Şurasına təqdim olunmasına dair qərar qəbul edilib.