- Details
- Dərc edilib: 22 Aprel 2025
- Oxunma sayı: 848
Aprelin 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Konstitusiya və suverenlik ili”nə həsr olunmuş “Milli müstəqilliyin bərpası dövründə Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə filialın rəhbərliyi, müəllim və tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan filialın elmi işlər üzrə direktor müavini dosent Nuralı Çələbiyev qeyd edib ki, prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycanda “Konstitusiya və suverenlik ili” elan edilib. Bu məqsədlə filial direktorunun əmrinə və tədbirlər planına uyğun olaraq, müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Dəyirmi masanın da həmin tədbirlərdən biri olduğunü vurğulayan natiq qeyd edib ki, Ümummilli lider Heydər Əliyev əldə edilmiş müstəqilliyin möhkəmləndirilməsində, onun sonrakı təhlükələrdən qorunmasında müstəsna xidmətlər göstərib, bu müstəqilliyə dönməzlik gətirib.
Dos. Nuralı Çələbiyev çıxışında xalqımızın əldə etdiyi bu tarixi nailiyyətlərin məhz H.Əliyevin prezidentliyi dövründə qəbul edilmiş ilk milli Konstitusiyamızda təsbit edilməsindən, Azərbaycanın dünyanın müstəqil dövlətlərinə məxsus olan bütün atributlara - siyasi dövlət quruluşuna, prezident idarə üsuluna, vahid və bölünməz əraziyə, dövlət rəmzlərinə, pul vahidinə, silahlı qüvvələrə malik dövlət olmasından, dövlət müstəqilliyimizi möhkəmləndirməklə qüvvədə olan ilk milli Konstitusiyamızın ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi sahələrdə həyata keçirilən islahatların ali qanunverici bazasını, yeni siyasi sistemə keçidi, mülkiyyət müxtəlifliyinə əsaslanan dövlət hakimiyyətini yaratmasından, xalqı bu hakimiyyətin başlıca mənbəyi və sahibi elan etməsindən bəhs edib. Qeyd olunub ki, Konstitusiyamızın müəyyən etdiyi strateji istiqamətlər əsasında, özünün yurdsevərlik, mübarizlik əzmi ilə xalqımız bu gün qarşıya çıxan çətinliklərə sinə gərir, müstəqilliyin əbədi olması üçün öz səylərini səfərbər edir.
Dəyirmi masada filialın Humanitar fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru baş müəllim Vüsal Baxışov, baş müəllim Tahir Məhərrəmov çıxış edərək milli Konstitusiyamızın Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu üçün əsas qanun olmasından, vətəndaş hüquq və azadlıqlarından, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpasında Ali Baş Komandan cənab İlham Əliyevin tarixi xidmətlərindən bəhs ediblər.
Dəyirmi masada filialın tələbələri müzakirə olunan mövzu ilə bağlı öz düşüncələrini bölüşüblər və onları maraqlandıran suallar cavablandırılıb.