- Details
- Dərc edilib: 14 Avqust 2020
- Oxunma sayı: 4229
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının Tələbə Gənclər Təşkilatı (bundan sonra TGT) fəaliyyətini Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının Əsasnaməsinə və eyni zamanda ADPU-nun Tələbə Gənclər Təşkilatının Nizamnaməsinə uyğun olaraq dövlətimizin gənclər siyasətinin həyata keçirilməsi istiqamətində filialda təhsil alan tələbə-gənclərin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai, mədəni, sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etmək istiqamətində qurur. Eyni zamanda TGT tələbələrin sosial problemlərinin həlli, maarifləndirmə işinin aparılması, tələbə gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi, tələbə hüquqlarının müdafiəsinin təmin edilməsi, respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi, tələbələr arasında narkomaniyaya, alkoqolizmə, cinayətkarlıq və digər neqativ meyllərə qarşı profilaktika tədbirlərinin həyata keçirilməsi, müsabiqə, seminar, karnoval, festival, toplantı, aksiya, sərgi, dəyirmi masa, elmi konfrans, təlim kursları, kütləvi təbliğat kompaniyaları, müzakirə klubları, xarici dil məşğələləri, görkəmli şəxslərlə görüşlərin təşkili, bayram, anım günlərinin, görkəmli ictimai-siyasi, elm, ədəbiyyat və incəsənət xadimlərinin yubileylərinin qeyd edilməsi kimi daha konkret vəzifələr də qarşısına məqsəd qoymuşdur.Struktur:Sədr – Ramin Rəhimov – “İbtidai sinif müəllimliyi” ixtisası Müavin – Sabir Məmmədzadə – “Tarix və coğrafiya müəllimliyi” ixtisasıMüavin –Aişənur İsmayılova – “İbtidai sinif müəllimliyi” ixtisası
Filialda TGT 750-dən artıq tələbə-gənci öz əhatəsində birləşdirir. Onlardan 21 nəfəri İdarəetmə Şurasının, 5 nəfəri isə Nəzarət-Təftiş Komissiyasının üzvüdür. Təşkilatın fəaliyyəti ilə əlaqədar iş planı tərtib edilmiş, çoxsaylı məsələlər müzakirə edilərək sənədləşdirilmişdir. TGT-nin fəaliyyət istiqamətinə uyğun olaraq, şura üzvləri arasında iş bölgüsü aparılmış və departamentlərin, həmçinin klubların tərkibi formalaşdırılmışdır.
Beynəlxalq Əlaqələr Departamenti – beynəlxalq əməkdaşlıqların qurulmasına, xarici universitetlərin tələbə təşkilatları ilə ikitərəfli münasibətlərin yaranmasına, razılaşmaların bağlanması, filial tələbələrinin beynəlxalq tədbirlərdə, konfranslarda iştirak etməsinə yardımçı olur, digər təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatları ilə əməkdaşlığın qurulmasını təmin edir və bu sahənin daha da genişlənməsi üçün tədbirlər həyata keçirir;
Tələbə Problemləri və Tələbə Kartı ilə iş Departamenti – tələbələrin imtahandan əvvəl və sonra, yəni ümumilikdə təhsil aldığı müddət ərzində qarşılaşdığı problemlərlə maraqlanır, onları araşdırıb həllinə çalışır. Tələblərin hüquqlarını təmin etmək, bütün problemləri ilə, o cümlədən psixoloji halları ilə maraqlanıb onları dinləmək və kömək etmək departamentin əsas vəzifəsidir. Azərbaycan Tələbə Kartı ilə İş Mərkəzi filial daxilində tələbə gənclərin “Azərbaycan Tələbə Endirim Kart”larının qeydiyyat məsələləri ilə məşğul olur.
Layihələrlə iş Departamenti – təşkilata müraciət edən tələbələrin müxtəlif sahələrdə həyata keçirmək istədiyi ideyaları, təklifləri dəstəkləmək məqsədilə layihələr tərtib edir, onların reallaşmasını və idarə olunmasını təmin edir;
İnsan Resursları Departamenti – təşkilat üzvlərinin qeydiyyatını aparır, yeni üzvlərin qəbulunu həyata keçirir, tədbirlərdə tələbələrin iştirakını, həyata keçirilən layihələr üzrə məsul şəxslərin və təşkilat komitəsinin işinin əlaqələndirilməsini təmin edir;
İctimaiyyətlə Əlaqələr Departamenti – həyata keçirilən tədbirlər haqqında və ümumilikdə təşkilat barəsində təqdimatları hazırlayır, həmin informasiyanın yayımlanmasını təmin edir;
Elm və Təhsil Departamenti – bu departamentin əsas məqsədi elm və təhsillə bağlı olan proqramların, layihələrin həyata keçirilməsidir. Bununla bağlı olaraq departament müxtəlif intellektual oyunları, debat yarışlarını, elmi konfransları, olimpiadaları, inşa-esse və rəsm müsabiqələrini və s. tədbirləri həyata keçirir. Bu departamentin nəzdində bir sıra klublar da fəaliyyət göstərir:
Debat Klubu – klubun əsas məqsədi tələbələrin natiqlik qabiliyyətlərini və onların ritorik düşüncə bacarıqlarını inkişaf etdirməkdir. Eyni zamanda debat proqramının tələb və keyfiyyət göstəricilərinə əməl etmək, bu sahədə materialların hazırlanması, çempionat, turnir və təlimlərin təşkil olunması klubun öhdəlikləri sırasındadır;
Art Klub – klubun əsas məqsədi tələblərdə incəsənətə maraq yaratmaq, mövcud olan bacarıqlarının inkişafı üçün optimal şəraiti təşkil etmək, bu sahədə tələbələr arasında layihə, sərgi, tamaşa və ekskursiyaların keçirilməsinə zəmin yaratmaqdır;
İntellektual Oyunlar Klubu – klubun əsas məqsədi tələbələrin intellekt səviyyəsinin güclənməsi üçün vaxtaşırı oyunların, turnirlərin təşkil edilməsindən ibarətdir;
Kitab Klubu – klubun əsas məqsədi tələbələrin kitaba və mütaliəyə olan marağını artırmaq, tanınmış şair və yazarlarımızın yaradıcılıq gecələrinin, ithaf günlərinin keçirilməsinə yardım etməkdən ibarətdir;
Sinema Klub – klubun əsas məqsədi Azərbaycan və dünya filmlərinə olan marağı artırmaq məqsədilə müvafiq kino günləri, film seansları təşkil etməkdir;
İdman klubu – klubun əsas məqsədi gənclərdə idmana həvəsin artırılması, inkişaf etdirilməsi və tələbələr arasında müxtəlif idman növləri üzrə yarışlar təşkil etməkdir;
Vətənpərvərlər Klubu – klubun əsas məqsədi tələbələrimizin vətənpərvərlik ruhunda olması və vətən üçün layiqli şəxsiyyət kimi yetişmələri üçün müvafiq tədbirlər, layihələr təşkil etməkdir. Həmçinin əlamətdar günlər və milli ruhun təbliği yönümündə olan hadisələrin ictimaiyyətə çatdırılmasına zəmin yaratmaq üçün müvafiq tədbirlər görür.
Tələbə Gənclər Təşkilatı dəfələrlə Şəki şəhər Gənclər və İdman idarəsi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən “Fəxri diplom”lara, “Təşəkkürnamə”lərə, müxtəlif mükafatlara layiq görülmüşdür.