- Details
- Dərc edilib: 05 Noyabr 2025
- Oxunma sayı: 225
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Gənc Psixoloqlar Birliyinin (GPB) təşkilatçılığı ilə III tədris ili tələbələri Aysun Lətifova, Səbirə Abdulla tərəfindən “Art terapiya: Mandala texnikasının tətbiqi” mövzusunda psixoloji seminar təşkil olunub. Seminarın əsas məqsədi art terapiya üsullarının praktik tətbiqini nümayiş etdirmək, tələbələrin emosional ifadə, yaradıcılıq və özünüifadə bacarıqlarını inkişaf etdirmək olub. Tədbir çərçivəsində iştirakçılar Mandala texnikasından istifadə edərək fərdi işlər təqdim edib, rəng və formalar vasitəsilə daxili emosiyalarını ifadə ediblər. Refleksiya mərhələsində tələbələr hazırladıqları mandalaların mənaları haqqında fikirlərini bölüşərək, texnikanın insanın emosional vəziyyətinə və psixoloji rahatlamasına təsiri barədə müzakirələr aparıblar. Seminar art terapiyanın tətbiqi üzrə praktik bacarıqların formalaşdırılmasına, tələbələrin psixoloji biliklərini təcrübə ilə əlaqələndirməsinə və peşəkar inkişafına xidmət edib.
