Mayın 27-də ADPU-nun Şəki filialında dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə tədbir keçirilib. Filialın kitabxana əməkdaşlarının təşkilatçılığı ilə Microsoft Teams proqramı vasitəsilə təşkil olunan tədbirdə professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbiri filialın direktoru, riyaziyyat üzrə elmlər doktoru, dosent Rafiq Rasulov açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi ili” elan olunub. Natiq Nizami Gəncəvinin ədəbi irsinin dünya ədəbiyyatında mövqeyindən söz açaraq, mişairin “Divan”ının və “Xəmsə” adı ilə tanınan beş böyük poemasının ən qiymətli xəzinə kimi daim ədəbiyyatşünasların diqqət mərkəzində olduğunu vurğulayıb. Ölkəmizin hər yerində bu dahi şəxsiyyətin yubileyi böyük təntənə ilə qeyd olunduğunu söyləyən dos. Rafiq Rasulov bildirib ki, filialda da bu məqsədlə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub və bu tədbir də ədibin yaradıcılığına həsr olunub. Tədbirdə filialın Humanitar fənlər kafedrasının baş müəllimi Vaqif Aslanov “Nizami Gəncəvinin həyat və yaradıcılığı”, Təbiət fənləri və onların tədrisi metodikası kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Firədun İbrahimov “Nizami Gəncəvinin əsərlərində tərbiyə çağırışları və müdrik nəsihətlər”, Humanitar fənlər kafedrasının əməkdaşları: baş müəllim İlahə Süleymanova “Nizami Gəncəvinin əsərlərində obrazlar aləmi”, baş müəllim Rasimə Əhmədova “Nizami Gəncəvinin lirikası”, baş müəllim Nübar Əhmədova “Nizami Gəncəvi əsərlərində uşaq oxusu nümunələri” mövzusunda maraqlı çıxış ediblər. Filialın tələbələrinin səsləndirdiyi qəzəllər və hazırlanmış videoçarxlar tədbirin daha rəngarəng keçməsinə səbəb olub.
Tədbirin sonunda filialın məzunu Gülnar Cəlilova Nizami Gəncəvinin eyniadlı qəzəlinə bəstəkar Üzeyir Hacıbəyovun yazdığı “Sevgili canan” romansını canlı ifa edib.