- Details
- Dərc edilib: 01 Oktyabr 2025
- Oxunma sayı: 758
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 fevral 2025-ci il tarixli “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən, görkəmli ədəbiyyatşünas-alim, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə ölkəmizdə silsilə tədbirlər keçirilir. Mahmud Kaşqari adına Beynəlxalq Fondun rəhbərliyi altında bu il Türk dünyasının görkəmli alimlərinin iştirakı ilə Bakıda, Şəkidə, Xankəndidə keçirilmiş elmi simpoziumlar ədibin yaradıcılığına və ictimai fəaliyyətinə dair yeni-yeni tədqiqat əsərlərini ortaya qoyub, 1450 səhifədən ibarət konfrans materialları dərc olunub. Fondun layihəsi əsasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının Humanitar fənlər kafedrasının baş müəllimi Həbibulla Manaflının Bəxtiyar Vahabzadə yaradıcılığına böyük ehtiramla qələmə aldığı "İstiqlal idealına tapınan böyük şair" monoqrafiyası da ədibin 100 illik yubileyinə, bütövlükdə Bəxtiyarşünaslığa qiymətli töhfədir. Şairi yaxından tanıyan, yaradıcılığına dərindən bələd olan tədqiqatçı-alim Həbibulla Manaflının bu elmi monoqrafiyası Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Elmi Şurasının qərarına əsasən çap olunub.
Milli Məclisin deputatı Cavanşir Feyziyevin layihə rəhbərliyi və “Ön söz”ü ilə oxuculara təqdim olunan kitab giriş, 5 fəsil və geniş nəticədən ibarətdir.
Kitabın redaktorları Milli Məclisin əməkdaşı Günel Mustafayeva və ADPU-nun Şəki filialının Humanitar fənlər kafedrasının müdiri tar.ü.f.d. Vüsal Baxışovdur. Rəyçilər həmin kafedranın baş müəllimi Azərbaycan Yazıçılar Birliyinin (AYB) Şəki bölməsinin sədri Vaqif Aslan, tanınmış alimlər Lətifə Məmmədova və Fikrət Əsgərovdur. Bədii tərtibat fondun əməkdaşı Xəyalə Əfəndiyevaya məxsusdur.
Qeyd edək ki, "İstiqlal idealına tapınan böyük şair" sadəcə şairin yaradıcılığını əhatə edən təhlillərdən ibarət əsər deyil, həm də ali məktəblərin müəllim və tələbələri, Bəxtiyar Vahabzadə yaradıcılığı ilə dərindən maraqlanan oxucu auditoriyası üçün dəyərli elmi mənbədir.