https://azertag.az/xeber/Sekide_Ulu_Onderin_anadan_olmasinin_99_cu_ildonumune_hesr_edilen_silsile_tedbirler_kechirilir-2122418

ADPU-nun Şəki filialında ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə silsilə tədbirlər davam edir. Belə tədbirlərdən biri də mayın 5-də keçirilən “Region müəllimlərinin təhsil zirvəsi” olub. Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), EYUDER (Eğitim Yöneticileri ve Uzmanları Derneği) Azərbaycan və ADPU-nun Şəki filialının birgə təşkilatçılığı ilə filialın akt zalında keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini, tarix üzrə fəlsəfə doktoru Zərinə Cavadova, bu ali təhsil ocağının professor-müəllim heyəti və tələbələri, həmçinin ölkəmizin 30-dək şəhər və rayonundan olan təhsil işçiləri iştirak ediblər. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri ADPU-nun Şəki filialının tədris işləri üzrə direktor müavini, dosent Gülarə Abdullayeva açaraq, bu günlərdə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar respublikamızın hər yerində, bütün Türk dünyasında müxtəlif tədbirlərin, konfrans, simpozium, elmi seminarların keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, “Region müəllimlərinin təhsil zirvəsi” də filialda ulu ondərin 99-cu ildonümünə həsr olunmuş silsilə tədbirlərin davamıdir. Natiq qeyd edib ki, vətənpərvər, millətinin varlığını hər şeydən uca tutmağı bacaran, həyatının hər anını xalqının taleyinə bağlayan, xeyirxah, yaradıcı, dahi şəxsiyyətlər əbədiyaşarlıq qazanır. Onların bioloji yoxluğu mənəvi varlığı ilə əvəzlənir. Azərbaycan xalqının böyük mənəvi sərvətinə, ümid, and yerinə çevrilən ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyev məhz belə dühalardandır.
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini, t.ü.f.d Zərinə Cavadova çıxış edərək, ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi, inkisafı yolunda göstərdiyi misilsiz tarixi xidmətlərdən danışıb, elm və təhsilimizin inkişafına diqqət və qayğısından söhbət açıb.
EYUDER Azərbaycan təmsilçisi f.ü.f.d. Gülnura Babaşova çıxış edərək qurumun fəaliyyəti, həyata keçirdiyi tədbirlər, layihələrdən bəhs edib, tədbirin məqsəd və vəzifələri barədə iştirakçıları məlumatlandırıb.
Tədbirdə filialın Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Firədun İbrahimov, ADPU-nun Təlim-Tədris Mərkəzinin rəhbəri p.ü.f.d. Xalidə Həmidova çıxış edərək, təhsil sahəsində qazanılan uğurlar və mövcud problemlər barədə danışiblar.
Tədbir Şəki şəhərinin incəsənət ustaları, filialın tələbələri və məktəblilərin təqdim etdiyi konsert proqramı ilə davam edib. Sonra isə “ERASMUS”, ““Sabahın alimləri” respublika müsabiqəsində xüsusi istedada malik şagirdlərin yaradıcılıq qabiliyyətinin üzə çıxarılması”, “Qrant layihələrin müsabiqəyə təqdim olunması və icra edilməsi”, “eTwinning layihələrinin məktəblərdə tətbiqi və səmərəsi”, “İngilis dili dərslərinin qeyri-standart təşkili”, “Məktəbəqədər təhsildə layihə əsaslı öyrənmə”, “İnklüziv təhsillə gələcəyə doğru”, “Yeni metodologiyalar əsasında öyrənmə - STEAM dərsləri” mövzularında təlimlər keçirilib. Təlimlər başa çatdıqdan sonra iştirakçilara sertifikat təqdim olunub.