ADPU-nun Şəki filialında Ümumelmi fənlər kafedrasının dəstəyi və Gənc Psixoloqlar Birliyinin (GPB) üzvlərinin təşkilatçılığı ilə növbəti elmi seminar təşkil olunub. Seminarda filialın Ümumelmi fənlər kafedrasının baş müəllimi, GPB-nin rəhbəri Kəmalə Ramazanova və GPB-nin üzvləri iştirak ediblər.“Ailədaxili münasibətlərdə emosional istismara məruz qalmış uşaqların yetkinlikdə yaşadıqları psixoloji problemlər” mövzusuna həsr olunmuş elmi seminarda “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının dördüncü tədris ili tələbəsi Şəbnəm Qədirovanın təqdimatında emosional zorakılığın uşaq şəxsiyyətinin inkişafına təsirindən, xüsusilə ana qayğısı və sevgisindən məhrum olmuş uşaqların böyüdükləri zaman münasibət qurmaqda yaşadığı çətinliklərdən, bağlanma problemindən bəhs edib. Seminar iştirakçıları ətraflarında müşahidə etdikləri ailələrdə bu kimi hallarda uşaqlarda yaşanan davranış pozuntuları haqqında öz fikirlərini bölüşüblər. Mövzu maraqlı fikir mübadiləsinə səbəb olub. Sonda GPB rəhbəri Ramazanova Kəmalə seminar təlimçisinə dolğun, elmi faktlara əsaslanan araşdırmaların əks olunduğu seminar təşkil etdiyinə görə öz minnətdarlığını bildirib.