Martın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Novruz - milli-mənəvi dəyərlərlərimizdən biri kimi” adlı bayram tədbiri keçirilib. Tədbirdə filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, riyaziyyat üzrə elmlər doktoru, dosent Rafiq Rasulov Novruz bayramının milli bayramlar içərisində önəmli yer tutduğunu vurğulayaraq, onun spesifik cəhətlərindən və özəlliklərindən bəhs edib. Sonra filialın elmi işlər üzrə direktor müavini dosent Nuralı Çələbiyev “Xalqımızın milli-mənəvi dəyərlər sistemində Novruzun yeri və əhəmiyyəti”, filologiya fakültəsinin dekanı, dosent Ulduz Mürşüdova “Novruzla bağlı inanclar mifik təfəkkür qaynaqlarında”, pedaqoji fakültənin dekanı filologiya üzrə fəlsəfə doktoru Xalidə Abdullayeva “Novruz çərşənbələri” mövzularında çıxış ediblər. Tədbirdə Novruz bayramına həsr olunmuş videoçarx və filialın tələbələrinin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Tədbirin sonunda filialın tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva yekun nitqi ilə çıxış edərək, Novruz bayramı, onunla bağlı adət-ənənələrin, inancların xalqımızın qədim tarixi keçmişini, milli təfəkkür tərzini özündə yaşadan əvəzsiz sərvət olduğunu, gənclərin milli-mənəvi dəyərlərimizə daim hörmətlə yanaşmalarının vacibliyini vurğulayıb.
Tədbir başa çatdıqdan sonra tələbələr arasında elan olunmuş “Ən yaxşı Novruz xonçası” müsabiqəsinə təqdim olunmuş xonçalara baxış keçirilib.