Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Ümumelmi fənlər kafedrasının nəzdində fəaliyyət göstərən Gənc Psixoloqlar Birliyinin (GPB) fəaliyyətə başlamasının 5 ili tamam olub. Bu münasibətlə filialda “Həyata dair hər şey” adlı tədbir təşkil olunub. Tədbirdə filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbirdə əvvəlcə GPN-nin beş illik fəaliyyətini əhatə edən videoçarx nümayiş olunub. Sonra “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının tələbələrinin maraqlı təqdimatlarına yer verilib. lll tədris ili tələbəsi İsmayılova Gülçin “Bağlanma tərzlərinin şəxsiyyətlərarası münasibətlərə təsiri”, II tədris ili tələbələri Məhərrəmova Nəzrin “Başqaları ilə müqayisə etmək”, Əliyeva Jalə “Peşə seçimi” mövzusunda təqdimat ediblər. Tələbələrin hər təqdimat mövzusuna dair səhnələşdirdikləri “Etibarlı və etibarsız bağlanma”, “Qonşunun uşağı”, “Doğru peşə seçimi” adlı psixodramalar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirin sonunda filialın tədris işləri üzrə direktor müavini dos. Gülarə Abdullayeva, elmi işlər üzrə direktor müavini dos. Nuralı Çələbiyev, Ümumelmi fənlər kafedrasının müdiri dos. Sədrəddin Bədiyev çıxış edərək, GPB-nin səmərəli fəaliyyəti və filialın həyatında oynadığı roldan danışıblar, birliyin üzvlərinə uğurlar arzulayıblar, GPB-nin rəhbəri baş müəllim Kəmalə Ramazanovaya təşəkkür ediblər.