Mayın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Uşaqlarda öyrənmə çətinliyinin pedaqoji və psixoloji cəhətləri” adlı seminar keçirilib. NewlinG Disleksiya və Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən seminarda millət vəkili Vüqar İskəndərov, NewlinG Disleksiya və Reabilitasiya Mərkəzinin rəhbəri Nigar Gülməmmədli, həmin mərkəzin psixoloqu Müjgan Hüseynzadə, Ahəng Psixologiya, İnkişaf Mərkəzinin rəhbəri Vüsalə Əmiraslanova, Şəkinin bir sıra ümumtəhsil məktəblərinin əməkdaşları, ADPU-nun Şəki filialının rəhbərliyi, müəllim və tələbələri iştirak ediblər. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan seminarda giriş sözü ilə çıxış edən filialın tədris işləri üzrə direktor müavini dos. Gülarə Abdullayeva seminarın keçirilməsinin məqsədi haqqında məlumat verib və millət vəkili Vüqar İskəndərovun tədbirdə iştirakını gənclərə verilən dəyər, təhsilə göstərilən diqqət və qayğı kimi qiymətləndirib. Vüqar İskəndərov çıxış edərək, dövlətimizin gənclərə verdiyi yüksək dəyərdən bəhs edib və bildirib ki, Azərbaycan gəncliyi də dövlətimizin gələcək inkişafı, xalqımızın rifahı naminə çox çalışmalı, mükəmməl təhsil almalı və hərtərəfli yetişməlidir. Gələcək fəaliyyətlərində uğur qazanmaq üçün diqqət yetirilməli əsas məqamlara aydınlıq gətirən natiq, tələbə gənclərə təhsildə uğurlar arzulayıb. Filialın direktoru riyaziyyat üzrə elmlər doktoru dos. Rafiq Rasulov çıxış edərək, millət vəkili Vüqar İskəndərova tədbirdə iştirakına görə təşəkkürünü bildirib və seminarın tələbə gənclərin pedaqoq kimi yetişmələrinə müsbət təsir göstərəcəyini vurğulayıb.
Seminarda NewlinG Disleksiya və Reabilitasiya Mərkəzinin rəhbəri Nigar Gülməmmədli “Öyrənmə çətinliyinin pedaqoji tərəfləri”, Ahəng Psixologiya, İnkişaf Mərkəzinin rəhbəri Vüsalə Əmiraslanova “Uşaq psixologiyası”, psixoloq Müjgan Hüseynzadə “Öyrənmə çətinliyinin psixoloji tərəfləri” mövzusunda çıxış ediblər. Filialın elmi işlər üzrə direktor müavini dos. Nuralı Çələbiyev çıxış edərək, seminarda müzakirə edilən mövzunun aktuallığından bəhs edib və bildirib ki, uşaqlarda öyrənmə çətinliyi problemi ilə bağlı ciddi araşdırmalara ehtiyac vardır və gələcəyin müəllimi kimi yetişən tələbələrdə bu mövzu ilə bağlı bilikləri daha da inkişaf etdirmək baxımından seminarın keçirilməsi müsbət hadisədir.
Seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda xatirə şəkilləri çəkilib.