Mayın 20-də Şəkidə Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ADPU-nun Şəki filialının birgə təşkilatçılığı ilə elmi konfrans keçirilib. Konfrans ümummilli liler Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan Xalq Cümhuriyyətinin 105-ci ildönümü və görkəmli ədəbiyyatşünas-alim Salman Mümtazın doğum gününə həsr olunub. Konfransda AMEA və onun sahə institutları, ADPU, ADPU-nun Şəki filialı, Təhsil İnstitutu, Qərbi Kaspi Universieti, Bakı Avrasiya Universiteti, Sumqayıt Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, eləcə də ölkənin başqa elm və təhsil ocaqlarının əməkdaşları və Salman Mümtazın nəvəsi – şərqşünas-alim Urxun Qalabəyov iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında ulu öndərin abidəsi qarşısına tər çiçəklər qoyaraq, xatirəsini ehtiramla yad ediblər. Sonra Mərkəzdə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən materiallarla tanış olublar.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi sükutla yad edilib. Konfransda ADPU-nun Şəki filialının direktoru r.ü.e.d., dos.Rafiq Rasulov, Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə, ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müdiri dos. Sevinc Əliyeva, ADPU-nun Şəki filialının Humanitar fənlər kafedrasının müdiri t.ü.f.d. Vüsal Baxışov, Salman Mümtazın nəvəsi Urxun Qalabəyov çıxış edərək konfransla bağlı öz fikir və mülahizələrini bildiriblər. Sonra plenar iclasda nəzərdə tutulan məruzələr dinlənilib. Məruzələrdə ulu öndər, Türk dünyasının dahi şəxsiyyəti, dünyada tanınmış siyasətçi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin fəaliyyəti və zəngin ideya-nəzəri irsindən bəhs olunub, müstəqil Azərbaycanın qurulması və inkişafında, Azərbaycan iqtisadiyyatının, elminin, mədəniyyətinin, ədəbiyyatının, ana dilimizin hazırkı inkişaf səviyyəsinə çatmasındakı misilsiz xidmətləri şərh edilib. Qeyd olunub ki, Heydər Əliyevin dahiliyi onun təkcə konkret fəaliyyəti ilə məhdudlaşmır, eyni zamanda onun zəngin ideya-nəzəri irsi həm bu gün, həm də gələcəkdə xalqımızın və dövlətimizin inkişafında müstəsna rol oynayacaq, bizə doğru yol göstərəcək milli sərvətimizdir. Məruzələrdə Azərbaycan xalq Cümhuriyyətinin Şərqdə ilk demokratik dövlət kimi oynadığı rol, həyata keçirdiyi işlər haqqında məlumat verilib, Salman Mümtazın Azərbaycan ədəbiyyatının araşdırılmasında göstərdiyi müstəsna xidmətlərdən bəhs olunub. Plenar iclas uğurla başa çatıb. Konfransın öz işini mayın 21-də üç bölmədə davam etdirməsi nəzərdə tutulub. Qeyd edək ki, konfransa 60-dan çox elmi tədqiqatçı tərəfindən məqalə təqdim olunub.
Plenar iclas başa çatdıqdan sonra konfrans iştirakçıları Şəki Dövlət Dram teatrının qonağı olublar. Qonaqlar teatrda Gilyeme Fideyredonun “EZOP” tamaşasının premyerasında iştirak ediblər.