- Details
- Dərc edilib: 26 May 2026
- Oxunma sayı: 17
Mayın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 108-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə filialın rəhbərliyi, professor-müəllim heyətinin nümayəndələri, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki sektorunun baş məsləhətçisi Səbahət Bağırova və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev qeyd edib ki, 28 may Azərbaycan tarixinin ən şərəfli, qürurverici günlərindən biridir. 108 il əvvəl, həmin tarixi gündə Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin – Şərqdə ilk Parlamentli respublikanın yaradılması haqqında “İstiqlal Bəyannaməsi” elan edilib. Bu gün xalqımızın həyatına və dövlətçilik tariximizə əlamətdar hadisə kimi daxil olub.
Tədbirdə filialın Humanitar fənlər kafedrasının baş müəllimi Tahir Məhərrəmovun “Müstəqil Azərbaycan - Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisidir” mövzusunda məruzəsi dinlənilib. Məruzə ətrafında Humanitar fənlər kafedrasının müəllimi Vaqif Şükürov, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki sektorunun baş məsləhətçisi Səbahət Bağırova və filialın Karyera mərkəzinin müdiri Xuraman Həmidova çıxış edərək AXC-nin mövcud olduğu qısa dövr ərzində gördüyü işlərdən, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən, ölkə prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində müstəsna rolundan bəhs ediblər. Tədbirdə qeyd olunub ki, gənclərdə dövlətçilik şüurunun, milli iftixar, milli qürur və vətənpərvərlik hisslərinin formalaşmasında 28 May – Respublika Günü ən önəmli tarixi günlərdən biri kimi yaddaşlarda əbədi yaşayır.
