- Details
- Dərc edilib: 13 Noyabr 2026
- Oxunma sayı: 21
Noyabrın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Emosional intellekt – insan inkişafının gizli kodu” mövzusunda seminar, dəyirmi masa və eyniadlı kitabın təqdimatı keçirilib.
Tədbir filialın Karyera mərkəzinin və Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə baş tutub. Tədbirdə “RENA” Təlim və Tədris Mərkəzinin təsisçi direktoru, pedaqoq İlhamə Axundova və Nizami Gəncəvi adına Özbəkistan Pedaqoji Universitetinin tədqiqatçısı, məktəbəqədər təhsil üzrə ekspert və mentor Səbinə Rəhimova, Şəkinin ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları
Mətanət İbrahimova, Ümmi Süleymanova, Xatirə Şabanova, İlkin Lətifov, filialın müəllim və tələbələri iştirak ediblər.
Tədbirin ilk mərhələsində Sosial iş, Məktəbəqədər təhsil və Təhsildə sosial-psixoloji xidmət ixtisaslarının tələbələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub.
Dəyirmi masanı giriş sözü ilə açan ADPU-nun Şəki filialının elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev emosional intellektin insanın şəxsi və sosial inkişafındakı rolundan, cəmiyyətin tərəqqisində yüksək emosional zəkaya malik insanların əhəmiyyətindən bəhs edib. O, emosional intellektin psixoloji xüsusiyyətləri, insanlararası münasibətlərin formalaşmasına və sosial mühitə təsiri ilə bağlı fikirlərini iştirakçılarla bölüşüb.
Daha sonra İlhamə Axundova və Səbinə Rəhimova tələbələrə sosial intellekt, onun mahiyyəti və inkişaf yolları haqqında ətraflı məlumat verib, mövzu ətrafında fikir mübadiləsi aparıblar. Görüş tələbələrin sualları və müzakirələrlə davam edib. Dəyirmi masada fəal iştirak edən Məktəbəqədər təhsil ixtisasının bir neçə tələbəsinə müəlliflər tərəfindən müxtəlif dərs vəsaitləri hədiyyə olunub.
Tədbirin növbəti mərhələsində “Emosional intellekt – insan inkişafının gizli kodu” mövzusunda seminar keçirilib. Seminar çərçivəsində təlimçilər emosional intellektin mahiyyəti, insan davranışlarına və münasibətlər sisteminə təsiri, onun inkişaf etdirilməsinin fərdi və sosial həyatda əhəmiyyəti barədə maraqlı təqdimatlarla çıxış ediblər. İştirakçılara emosional zəkanın gündəlik həyatda, təhsil prosesində və peşə fəaliyyətində tətbiqi ilə bağlı faydalı məlumatlar çatdırılıb.
Seminarın sonunda İlhamə Axundova və Səbinə Rəhimovanın müəllifi olduqları “Emosional intellekt – insan inkişafının gizli kodu” adlı kitabın təqdimatı keçirilib.
Kitabın təqdimatı zamanı filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev nəşrin mövzu aktuallığından, emosional intellektin inkişaf etdirilməsinin əhəmiyyətindən və kitabın oxucuların nəzəri biliklərinin, eləcə də praktik bacarıqlarının zənginləşdirilməsindəki rolundan danışıb.
Ümumelmi fənlər kafedrasının baş müəllimi Laləzar Cəfərova çıxış edərək emosional intellektin insan həyatındakı əhəmiyyətinə, onun inkişaf etdirilməsi yollarına toxunub, təqdim olunan kitabın bu istiqamətdə faydalı mənbə kimi əhəmiyyətini vurğulayıb.
Tədbirin sonunda TEC-in sədri, baş müəllim Səadət Feyzullayeva müəlliflərə maraqlı və məzmunlu təqdimatlarına, tələbələrlə apardıqları maarifləndirici söhbətlərə, həmçinin filialın kitabxanasına hədiyyə etdikləri kitablara görə təşəkkürünü bildirib.
