- Details
- Dərc edilib: 18 Fevral 2025
- Oxunma sayı: 209
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında bakalavriat səviyyəsi üzrə mövcud ixtisasların buraxılış kurslarının tələbələri artıq təcrübəyə başlayırlar. Bu münasibətlə fevralın 17-də filialda təcrübənin başlanğıc konfransı keçirilib. Konfransda filialın rəhbərliyi, fakültə dekanları, təcrübə rəhbərləri, ixtisas metodistləri, pedaqoqlar, psixoloqlar və tələbələr iştirak ediblər. Konfransı giriş sözü ilə filialın direktoru dos.Vurğun Məmmədov açaraq təcrübənin təhsil proqramının ən mühüm hissəsi olduğunu vurğulayıb və qarşıda duran vəzifələrdən danışıb. Sonra tədris işləri üzrə direktor müavini dos.Gülarə Abdullayeva çıxış edərək, cari tədris ilində təcrübənin yeni Əsasnaməyə uyğun olaraq təşkili qaydaları haqqında ətraflı məlumat verib, təcrübə müddətində görüləcək işlərdən bəhs edib və bildirib ki, təhsil ixtisasları qrupundan olan ixtisaslarla yanaşı, “Sosial iş” ixtisası üzrə tələbələr də təcrübəyə başlayırllar və onların təcrübəsi Şəki “ASAN xidmət” mərkəzində keçiriləcək. Filologiya fakültəsinin dekanı dos.Ulduz Mürşüdova, təcrübə rəhbəri Asudə Bədəlova çıxış edərək, tələbələrə təcrübənin gedişində yerinə yetirməli olduqları işlər haqqında məlumat verib və onlara uğurlar arzulayıblar.
Qeyd edək ki, Əsasnaməyə uyğun olaraq təcrübənin iki mərhələdə keçirilməsi nəzərdə tutulur.Təcrübənin tədris təcrübəsi mərhələsi fevralın 17-dən aprelin 25-dək filialda həyata keçiriləcək. İstehsalat təcrübəsi mərhələsində isə tələbələr təcrübə bazası olaraq müəyyənləşdirilmiş müəssisələrdə dörd həftə müddətində təcrübə keçəcəklər və təcrübə prosesi yekun hesabatların müdafiəsi ilə başa çatacaq.