- Details
- Dərc edilib: 05 Oktyabr 2025
- Oxunma sayı: 680
Dəyərli həmkarlarım, əziz müəllimlər və məzunlarımız!
Sizi Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm sağlamlıq, ali məqsədlərlə dolu ömür və gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Müəllim bilik verməklə bərabər, həm də gənc nəslin mənəviyyatını formalaşdıran, onu Vətənə, torpağa və millətə sevgi ruhunda tərbiyə edən şəxsiyyətdir. Müəllimlik tarix boyu xalqımızın ən uca dəyərlərindən biri kimi qəbul olunub. Müəllim hər zaman maarifin, tərəqqinin, mənəviyyatın və milli kimliyin daşıyıcısı olub. Azərbaycan müəllimi çətin və məsuliyyətli dövrlərdə belə, xalqın maariflənməsi, milli şüurun oyanması və vətənpərvər ruhun formalaşması üçün öz missiyasını ləyaqətlə yerinə yetirib. Ümummilli lider Heydər Əliyev müəllim peşəsini yüksək qiymətləndirərək deyirdi: “Mən yer üzündə müəllim adından yüksək ad tanımıram. Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. Azərbaycan müəllimlərinin tam əksəriyyəti layiqli müəllimlərdir. Əgər bunlar belə olmasaydı, Azərbaycanın bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola bilərdimi?”
Müəllimin fədakar əməyi sayəsində bu gün azərbaycanlı gənclər müasir dünyanın çağırışlarına cavab verən, eyni zamanda öz milli köklərinə sadiq və vətənpərvər vətəndaşlar kimi formalaşırlar. Xüsusilə vurğulamaq yerinə düzşər ki, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarını qurban verərək şəhidlik zirvəsinə uçalmış oğul və qızlarımızın yetişməsində müəllimlərin böyük rolu olmuşdur.
Məhz müəllimlərin əvəzsiz əməyi nəticəsində bu gün ölkəmizdə elmə, biliyə və mənəvi dəyərlərə söykənən bir gənclik yetişməkdədir.
Dövlətimiz müəllim əməyinə yüksək qiymət verir. Təhsil sahəsində həyata keçirilən islahatlar, müəllim nüfuzunun qorunması və sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər bu diqqətin və ehtiramın bariz ifadəsidir.
Əziz müəllimlər!
Sizin zəhmətiniz xalqımızın gələcəyinə, ölkəmizin sabahına yönəlmiş ən müqəddəs xidmətdir. Sizin səbriniz, fədakarlığınız və vətənpərvərliyiniz cəmiyyətimizin inkişafının, xalqımızın mənəvi diriliyinin əsas dayağıdır.
Bir daha Sizi bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, həyatınızda sevinc, ailənizdə rifah, fəaliyyətinizdə isə daim qürur duyacağınız uğurlar arzulayıram.
Bayramınız mübarək!