2024-cü ilin may ayının 1-də ADPU-nun Şəki filialı və Türk Ağsaqqallar İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Təmiz ətraf mühit və yaşıl artım prosesində gənclərin iştirakı” adlı konfrans keçirilib.
Konfransdan öncə iştirakçılar H.Əliyev Mərkəzində olub, Ulu Öndər H.Əliyevin abidəsini ziyarət ediblər.
Daha sonra konfrans işini filialın Akt Zalında davam etdirib.
Konfransı giriş sözü ilə açan filialın direktoru dos.Vurğun Məmmədov konfrans iştirakçılarını salamlayıb, bu günlər hər birimizin mühüm tarixi hadisələrin iştirakçısı olduğumuzu xüsusi vurğulayıb. Yaşadığı bu tarixi günlərin xalq - Müzəffər Ali Baş Komandan birliyinin sayəsində əldə edildiyini və bu birliyin hər ötən gün daha da möhkəmləndiyini qeyd edərək, Vətən torpaqlarının azadlığı və müstəqilliyimizin əldə edilməsi və möhkəmləndirilməsi uğrunda canlarından keçmiş Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.
Şəki şəhər İcra Hakimiyyətinin başçısının müavini Elman İmamverdiyev çıxış edərək konfrans iştirakçılarını Şəki şəhər İcra Hakimiyyətinin başçısı cənab Elxan Usubovun adından salamlayaraq uğurlar arzulayıb. Konfransda müzakirə olunacaq məsələ ilə bağlı öz mülahizələrini iştirakçılarla bölüşüb. Türk Ağsaqqallar İctimai Birliyinin sədri, YAP Veteranlar Şurasının üzvü, akademik Südeyf İmamverdiyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin memarı kimi fəaliyyətindən geniş şəkildə bəhs edib, Müzəffər Ali baş Komandan cənab İlham Əliyevin tariximizdə tutduğu yer barədə və bütün sahələrdə ölkəmizin sıçrayışlı tərəqqiyə nail olmasına göstərdiyi səylərdən ətraflı söhbət açıb. O, qeyd edib ki, bütün digər sahələr kimi ekoloji tarazlığın qorunmasına töhfələrin verilməsi və bu sahə üzrə dünyaya örnək ola biləcək Azərbaycan modelinin qurulması prezidentimizim yeni dövr üçün qarşıya qoyduğu əsas hədəflərdəndir.
Daha sonra Türk Ağsaqqallar İctimai Birliyinin sədr müavini Eyvaz Hümbətov, filialın baş müəllimi Səadət Feyzullayeva çıxış ediblər.
Konfransın ikinci hissəsi filialın Humanitar fənlər kafedrasının baş müəllimi, şair, dramaturq, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin Şəki Bölməsinin sədri Vaqif Aslanın yaradıcılığına həsr olunub. Bu hissədə Türk Ağsaqqallar İctimai Birliyinin üzvü, şair Zakir Əliyev və şair Vaqif Aslan çıxış ediblər.