Noyabrın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında şəhid mayor Xəyal Məmmədovun şərəfli ömür və döyüş yolundan bəhs edən “Vətənin Xəyalı” adlı kitabın təqdimat mərasimi keçirilib.

Tədbirdə filialın rəhbərliyi, şəhidin anası və ailə üzvləri, müharibə iştirakçıları, professor-müəllim heyətinin üzvləri və tələbələr iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə filialın direktoru, dosent Vurğun Məmmədov və tədris işləri üzrə direktor müavini, dosent Gülarə Abdullayeva çıxış edərək 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbənin əhəmiyyətindən, şəhid mayor Xəyal Məmmədovun şərəfli döyüş yolundan və Vətən qarşısında göstərdiyi qəhrəmanlıq nümunəsindən bəhs ediblər.

Qeyd olunub ki, yazıçı-publisist, “Vətən Fədailəri” layihəsinin rəhbəri Manya Səxavətqızının müəllifi olduğu “Vətənin Xəyalı” kitabı şəhidin 40 illik yubileyi münasibətilə nəşr edilib. Nəşr qəhrəmanımızın həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılması, əziz xatirəsinin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbir çərçivəsində şəhidin xatirəsinə həsr olunmuş mahnılar ifa edilib, kitabın məzmunu ilə bağlı tələbələri maraqlandıran suallar müəllif tərəfindən cavablandırılıb. Müəllif tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş müxtəlif kitablar filialın kitabxanasına hədiyyə edilib.

Sonda xatirə şəkilləri çəkdirilib.