- Details
- Dərc edilib: 11 Mart 2025
- Oxunma sayı: 137
Martın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Zərif ruhun sədası" adlı tədbir keçirilib. Filialın Humanitar fənlər kafedrasının müəllimi Səlamət Ədilovanın təşəbbüsü və rəhbərliyi ilə təşkil olunmuş tədbirdə filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda canlarndan keçmiş şəhidlərin əziz xatirəsi sükutla yad edilib. Sonra filialın Humanitar fənlər kafedrasının müəllimi Səlamət Ədilova "Ədəbiyyat və qadın" mövzusunda çıxış edib. Tədbirdə tələbələrin təqdim etdikləri və Azərbaycan xalqının tarixində mühüm rol oynayan, eləcə də bədii əsərlərin qəhrəmanları olan qadın obrazlarının (Tomris, "Kitabı- Dədə Qorqud" qadınları, Nüşabə, Leyli, Nigar, Natəvan, Almaz, Salatın, Şəhid anası) canlandırıldığı "Azərbaycan qadınının keçdiyi tarixi yola bir nəzər" adlı ədəbi-bədii kompozisiya, musiqi və milli rəqslər tədbirə xüsusi rəng qatıb. Sonra tələbələr arasında elan olunmuş bədii qiraət müsabiqəsi keçirilib.
Müsabiqədə iştirak edən tələbələr qadınlara həsr olunmuş şeirlər səsləndiriblər. Sonda münsiflər heyətinin qərarına əsasən, müsabiqənin qalibləri elan olunub və onlara hədiyyələr təqdim edilib.