- Details
- Dərc edilib: 26 Noyabr 2026
- Oxunma sayı: 97
Noyabrın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Azərbaycanın tanınmış ədəbiyyatşünası, tənqidçi-alim, professor Yaşar Qarayevin 90 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.
ADPU-nun Şəki filialı, AMEA-nın Şəki Regional Elmi Mərkəzi (ŞREM) və Azərbaycan Yazıçılar Birliyinin (AYB) Şəki bölməsinin təşkilatçılığı ilə reallaşan tədbir Azərbaycan elmi və ədəbi fikrinin görkəmli nümayəndələrindən biri olan professor Yaşar Qarayevin zəngin irsinin araşdırılması və təbliğinə həsr olunub.
Elmi konfransda ADPU-nun Şəki filialının professor-müəllim heyəti və tələbələri, ŞREM-in əməkdaşları, eləcə də şəhərin təhsil və ədəbi ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin, Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan həmvətənlərimizin və professor Yaşar Qarayevin xatirəsi ehtiramla yad olunub.
Konfransın açılışında ADPU-nun Şəki filialının direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Vurğun Məmmədov çıxış edərək alimin Azərbaycan elmi və ədəbiyyatşünaslığında tutduğu mövqeyə toxunub. O, Yaşar Qarayevin Şəkinin yetirdiyi tanınmış ziyalılardan biri olduğunu vurğulayaraq, onun həyat və fəaliyyətinin ayrı-ayrı mərhələləri haqqında məlumat verib. Direktor bildirib ki, görkəmli şəxsiyyətlərin elmi irsinin öyrənilməsi həm onun fəaliyyətinin tanıdılması, həm də milli elmi düşüncənin davamlılığının təmin edilməsi və gənc nəslin intellektual-mənəvi inkişafı baxımından əhəmiyyətlidir. O belə elmi görüşlərin ali təhsil müəssisələri ilə elmi və ədəbi təşkilatlar arasında əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəni xüsusi vurğulayıb.
ŞREM-in direktoru, filologiya elmləri doktoru, dosent Kamil Adışirinov çıxış edərək, Yaşar Qarayevin Azərbaycan ədəbiyyatşünaslığına gətirdiyi yeniliklərdən, tənqidçi kimi fəaliyyətindən və elmi məktəbinin formalaşmasına verdiyi töhfələrdən danışıb. O, alimin rəhbərliyi altında yetişmiş və humanitar elmin tanınmış nümayəndələrinə çevrilmiş alimlərin fəaliyyətini də diqqətə çatdırıb.
Elmi konfransa ADPU-nun Şəki filialının Humanitar fənlər kafedrasının baş müəllimi, AYB-nin Şəki bölməsinin sədri, şair Vaqif Aslan “Yaşar Qarayevin yaradıcılığında elmi prinsiplərin qoyuluşu” mövzusunda təqdimatla çıxış edib. Məruzədə alimin ədəbi-tənqidi irsində elmi obyektivlik, nəzəri təhlil və bədii-estetik qiymətləndirmə meyarlarının yeri geniş təhlil edilib.
Filialın Humanitar fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Ulduz Mürşüdova “Folklor qaynaqları Yaşar Qarayevin elmi-nəzəri konsepsiyasında” mövzusunda məruzəni iştirakçıların diqqətinə çatdırıb. Məruzəçi alimin yaradıcılığında folklorun milli ədəbi düşüncənin formalaşmasındakı rolunu və xalqın mənəvi yaddaşı ilə ədəbiyyat arasındakı bağlılığı elmi aspektdən şərh edib.
Filialın Humanitar fakültəsinin dekan müavini, baş müəllim Pakizə Əliyeva “Meyar şəxsiyyətdir” – Yaşar Qarayev” mövzusunda məruzə ilə çıxış edərək, alimin şəxsiyyət amilinə verdiyi önəmi, onun ədəbiyyata və sənətə münasibətində mənəvi dəyərlərin rolunu ön plana çəkib.
Konfransda həmçinin ŞREM-in elmi işçisi Təranə Məmmədovanın “Elmi-ədəbi düşüncənin təşkilatçısı və məktəb yaradıcısı: Yaşar Qarayev fenomeni”, mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Reyhan Mənəfovanın “Ədəbiyyatı oxumaqdan milləti anlamağa doğru gedən Yaşar Qarayev yolu” mövzusunda məruzələri dinlənilib. Məruzələrdə alimin elmi-nəzəri görüşlərinin müxtəlif istiqamətləri, Azərbaycan ədəbi tənqidinin inkişafındakı rolu, folklor irsinə münasibəti və milli ədəbi düşüncənin zənginləşdirilməsindəki xidmətləri əhatə olunub.
Konfransın sonunda iştirakçılar ədəbiyyatşünas-alimin həyat və yaradıcılığını əks etdirən videoçarx izləyiblər.
Konfrans ADPU-nun Şəki filialının direktoru, dosent Vurğun Məmmədovun yekun nitqi ilə başa çatıb.
