Oktyabrın 01-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında tələbələrin gələcək karyeralarını qurmalarına dəstək məqsədilə təlim keçirilib. Filialın Karyera mərkəzinin təşkilatçılığı ilə keçirilən təlimdə Filologiya fakültəsinin tələbələri iştirak ediblər. Mərkəzin müdiri Xuraman Həmidova təlimin təşkilinin məqsədi haqda məlumat verdikdən sonra filialın Dillər və onların tədrisi texnologiyası kafedrasının müəllimi Nuran Mürşüdzadə karyera planlaması və onun ən vacib mərhələlərindən biri olan “Məqsədlər” mövzusu üzrə əhatəli məlumat verib. Sonra isə tələbələri uğurlu nailiyyətlərə motivasiya edən, hədəflərinə çatmaqda onlara kömək edən “Gələcəkdə özümü necə görürəm?” və “Həyat çarxı” adlı çalışmalar təqdim edilib və tələbələr tapşırıqları həvəslə yerinə yetiriblər.
Qeyd edək ki, filialda Karyera mərkəzinin təşkilatçilığı ilə tələbələrə bu cür təlimlər davamlı olaraq keçirilir və növbəti aylarda digər fakültə və ixtisaslarda təhsil alan tələbələr üçun də bu qəbildən olan təlimlərin təşkili nəzərdə tutulub.