- Details
- Dərc edilib: 13 Oktyabr 2026
- Oxunma sayı: 123
Oktyabrın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş “Əsrlərdən gələn səs” adlı tədbir keçirilib.
ADPU-nun Səki filialı və Mirzə Fətəli Axundzadə adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə filialın müəllim və tələbələri, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin və Narınqala Folklor Evinin əməkdaşları iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Xaqani Şirvaninin zəngin yaradıcılıq irsinin geniş ictimaiyyətə, xüsusilə gənc nəslə tanıdılması, şairin Azərbaycan ədəbiyyatının və ictimai-fəlsəfi fikir tarixinin inkişafındakı mühüm rolunun diqqətə çatdırılması, onun əsərlərində əks olunan milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliği olub.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra ümumilli Lider H.Əliyevin, torpaqlarımızın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra ADPU-nun Şəki filialının Humanitar fənlər kafedrasının baş müəllimi Nübar İbrahimovanın “Xaqani Şirvaninin insan konsepsiyası və humanist baxışları”, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin şöbə müdiri Reyhan Məmmədovanın “Xaqaninin fəlsəfəsi və poetik dili”, ADPU-nun Şəki filialının Humanitar fənlər kafedrasının müəllimi Səlamət Ədilovanın “Xaqani Şirvani yaradıcılığında insan və mənəviyyat”, Şəki şəhəri Turan qəsəbə tam orta məktəbinin müəllimi Hicran Hacıyevanın “Xaqani Şirvaninin Azərbaycan ədəbiyyatında yeri” mövzularında məruzələri dinlənilib.
Məruzələrdə Xaqani Şirvaninin zəngin ədəbi irsi, fəlsəfi düşüncələri, humanist ideyaları və Azərbaycan ədəbiyyatının inkişafında tutduğu mühüm mövqe diqqətə çatdırılıb, şairin yaradıcılığının bədii və fəlsəfi xüsusiyyətləri, insan və mənəviyyat məsələləri, ədalət, elm və idrak anlayışlarının onun əsərlərindəki yeri geniş şəkildə təhlil edilib.
Sonda Xaqani Şirvani yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.
