- Details
- Dərc edilib: 10 Mart 2026
- Oxunma sayı: 155
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə, “Konstitusiya və suverenlik ili” çərçivəsində elan edilmiş qrant müsabiqəsi əsasında icra olunan “Qayıdışın KÖNÜLLÜ səsi” layihəsinin növbəti mərhələsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında tələbələr üçün “Komanda quruculuğu və liderlik” mövzusunda interaktiv təlim təşkil olunub.
Layihənin əsas məqsədi məcburi köçkün statuslu gənclərin hüquqi biliklərini artırmaq, onların ictimai fəallıq, vəkillik və təşəbbüskarlıq potensialını gücləndirmək, eyni zamanda regionlar üzrə gənclər arasında əməkdaşlıq və şəbəkələşməni inkişaf etdirməkdir.
Təlim zamanı iştirakçılara effektiv komanda modeli, komanda daxilində rolların düzgün bölgüsü, qərarvermə mexanizmləri, liderin məsuliyyəti, motivasiya üsulları və təşkilatlanma prinsipləri barədə praktiki məlumatlar təqdim olunub. Qrup işləri, situasiya əsaslı tapşırıqlar və interaktiv məşğələlər vasitəsilə tələbələr həm liderlik keyfiyyətlərini sınaqdan keçirib, həm də sağlam ünsiyyət və əməkdaşlıq bacarıqlarını inkişaf etdiriblər.
Tədbirdə ADPU-nun Şəki filialının Karyera mərkəzinin müdiri Xuraman Həmidova çıxış edrək, bu cür layihələrin gənclərin fərdi inkişafı və ictimai fəallığının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, müasir dövrdə yalnız nəzəri bilik kifayət etmir, gənclərin komanda ilə işləmək, təşəbbüs göstərmək və liderlik bacarıqlarını inkişaf etdirmək də vacibdir. Natiq çıxışında belə təlimlərin tələbələrə gələcək peşə fəaliyyətində və ictimai həyatda daha hazırlıqlı olmalarına ciddi töhfə verəcəyini bildirib.
Təlimdə Mingəçevir Dövlət Universitetinin (MDU) layihələr üzrə koordinatoru Aynur Quliyeva, Mingəçevir STEAM Mərkəzinin koordinatoru Müşfiq Tarverdiyev, MDU-nun müəllimi Nərgiz Niftəliyeva, MDU - BİR Könüllü Təşkilatının sədri, layihə rəhbəri Qorxmaz Rəhimli çıxış ediblər. Çıxışlarda layihənin ideya yükündən bəhs edilərək vurğulanıb ki, “Qayıdışın KÖNÜLLÜ səsi” gənclərin sosial məsuliyyət hissinin formalaşdırılmasına xidmət edən platformadır. Qayıdış prosesinin uğurlu və davamlı olması üçün gənclər bu prosesə hüquqi savad, liderlik və təşəbbüskarlıq resursları ilə qoşulmalıdırlar. Layihənin regionlararası əməkdaşlığı da gücləndirdiyi, komanda quruculuğunun və liderliyin ümumilikdə müasir gəncin formalaşmasında əsas bacarıqlardan biri olduğu, təşkilatlanma və strateji düşüncənin ictimai proseslərdə təsir gücü yaratmağın əsas şərtlərindən olduğu, müzakirə, təhlil və situasiya əsaslı yanaşmaların gənclərin aktiv iştirakçı kimi formalaşmasına imkan yaratdığı, layihənin gənclərin hüquqi biliklərinin artırılması ilə yanaşı, onların ictimai təşəbbüskarlıq potensialının üzə çıxarılmasına xidmət etdiyi, layihənin əsas ideyasının gənclərdə qayıdış prosesinə münasibətdə məsuliyyətli və fəal vətəndaş mövqeyi formalaşdırmaq olduğu vurğulanıb.
Təlimin sonunda iştirakçılar komandada işləməyin, düzgün liderlik yanaşmasının və ortaq məqsəd ətrafında birləşməyin vacibliyini bir daha dərk etdiklərini bildiriblər.
