- Details
- Dərc edilib: 25 İyun 2024
- Oxunma sayı: 3070
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında 2023-2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası uğurla davam edir. Filialın direktoru tarix üzrə fəlsəfə doktoru dosent Vurğun Məmmədov mütəmadi olaraq imtahan keçirilən auditoriyalarda olur və imtahanların gedişi, qiymətləndirmə ilə bağlı tələbələrin fikirlərini öyrənir. Görüş zamanı tələbələr onların imtahan verməsi və bilklərinin obyektiv qiymətləndirilməsi üçün yaradılan şəraitə görə filial rəhbərliyinə öz razılıqlarını bildirirlər.
Filialda direktorun müvafiq əmrləri ilə yaradılan İmtahan komissiyası, Apellyasiya komissiyası və İmtahan qərargahı səhər saat 8:30-dan 18:30-dək fəaliyyət göstərir. Komissiyalar və İmtahan qərargahı üçün avadanlıqlarla və telefonla təchiz edilmiş otaqlar ayrılıb, komissiyaların normal fəaliyyəti üçün şərait yaradılıb və tələbələr öz təklif və iradlarını bildirmələri ilə bağlı məlumatlandırılıb.
Tələbələr imtahan prosesi ilə bağlı narazılıqlarını İmtahan qərargahına, qiymətləndirmədən narazı qaldıqları halda isə Apellyasiya komissiyasına müraciət edə, filialın direktorunun, fakültə dekanlarının qəbulunda ola, filialın elektron poçt ünvanına, internet səhifələrinə yaza bilirlər. Bundan əlavə, tələbələrin anonim qaydada öz rəy və təkliflərini bildirmələri üçün də şərait yaradılıb. İndiyədək İmtahan qərargahına prosesin gedişi ilə bağlı şikayət xarakterli heş bir müraciət olmayıb. Müxtəlif ixtisaslarda təhsil alan tələbələrdən qiymətləndirmə ilə bağlı Apellyasiya komissiyasına olunan müraciətlərə baxılaraq, tələbənin imtahan cavabının başqa mütəxəssis tərəfindən obyektiv qiymətləndirilməsi təmin edilir.
Filialda imtahan sessiyası iyul ayının 5-dək davam edəcək.