Mayın 24-də Şəki şəhər R.Əfəndiyev adına 10 nömrəli tam orta məktəbdə 28 May -Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının həmin məktəbdə pedaqoji internaturada olan tələbələri İnci Abdulsəlimli və Aytən İsmayılova tərəfindən hazırlanıb. Tədbirdə ADPU-nun Şəki filialının tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva, filialın Karyera mərkəzinin müdiri Xuraman Həmidova, ixtisas metodisti Səlamət Ədiliva, məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan tarixinin şanlı səhifələri diqqətə çatdırılıb, Şərqdə ilk müstəqil respublika kimi tanınan Azərbaycanın qəhrəman oğullarının fədakarlığından söhbət açılıb, Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərini əks etdirən videoçarxlar nümayiş olunub. Vətən müharibəsində canlarını qurban vermiş şəhidlərin xatirəsi yad edilib və qazanılan qələbə, Azərbaycanın bütövlüyünün təmin olunması üçün dövlət başçımız, Ali Baş Komandan İlham Əliyevin dünyanı heyrətdə qoyan fəaliyyətindən bəhs olunub və işgalda olan şəhər və kəndlərimizin azad olunmasından bəhs edən videoçarx nümayiş olunub.
Pedaqoji internaturada olan tələbələrin təhkim olunduqları V sinfin şagirdləri tərəfindən söylənən vətənpərvərlik və qələbə ruhlu şeirlər, onların ifasında səslənən mahnılar tədbirə xüsusi rəng qatıb.
Tədbirin sonunda məktəbin ditektoru Büllur Abdulsəlimli çıxış edərək maraqlı tədbir üçün tələbələrə, sinfin fənn müəlliminə, şagirdlərinə təşəkkür edib və iştirakçıları Müstəqillik Günü münasibətilə təbrik edib. Filialın tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva, Karyera mərkəzinin müdiri Xuraman Həmidova, metodist Səlamət Ədilova çıxış edərək, məktəbdə interaturada olan tələbələrə yaradılan münbit səraitə görə məktəb rəhbərliyinə, pedaqoji heyətə, tədbirin təşkilinə görə müəllim və tələbələrə, şagirdlərə təşəkkür ediblər.
Sonda xatirə şəkilləri çəkilib.