Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasına dair 25 dekabr 2023-cü il tarixli müvafiq sərəncamına uyğun olaraq, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında silsilə tədbirlər davam etdirilir. Tədbirlərin təşkilində məqsəd dövlətimizin apardığı ekoloji siyasəti dəstəkləmək, ətraf mühitin və biomüxtəlifliyin qorunması, iqlim dəyişmələrinin törətdiyi fəsadlara qarşı mübarizə aparılmasında tələbələrin fəallığını təmin etməkdən ibarətdir. ADPU-nun Şəki filialının 2024-cü il üçün təsdiq olunmuş fəaliyyət planına uyğun olaraq, bu istiqamətdə nəzəri və praktik əhəmiyyət daşıyan müxtəlif tədbirlərin həyata keçirilməsi davam edir. Belə tədbirlərdən biri də mayın 29-da baş tutub. Filialın Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi, c.ü.f.d. Qafqaz Ağabalayevin təşəbbüsü, Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri baş müəllim Səadət Feyzullayevanın təşkilatçılığı və Pedaqoji fakültənin bir qrup tələbəsinin iştirakı ilə Şəki şəhərinin turizm əhəmiyyətli ərazisi olan Kiş kəndinə marşrut təşkil edilib. Tədbirin əsas məqsədi tələbələri ərazinin dağ meşələri ilə tanış etmək, çay yatağında antropogen tullantılar olan sahələri müəyyən etmək, ətrafı tullantılardan təmizləmək, hazırlanmış xəbərdarlıqedici nişanları əvvəlcədən müəyyən edilmiş yerlərə yerləşdirməkdən ibarət olub. Tələbələrin təşəbbüsü ilə çay yatağı tullantılardan müəyyən qədər təmizlənib və onların hazırladıqları xəbərdarlıqedici nişanlar müvafiq yerlərə vurulub. Marşrut boyu verilən coğrafi, tarixi, bioloji məlumatlar tələbələrin marağına səbəb olub. Tədbir yaşıllıqlar qoynunda gəzinti ilə başa çatıb.