Hörmətli professor-müəllim heyəti, əziz tələbələr, dəyərli məzunlarımız!
Sizi dünya müsəlmanlarının müqəddəs bayramlarından olan Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə sağlam həyat, işlərinizdə və şəxsi həyatda uğurlar diləyirəm. Qurban bayramı İslamın insanları xeyirxahlığa, birliyə, humanizmə, mərhəmətə, milli-mənəvi dəyərlərə sadiqliyə dəvət edən dini ayinlərindən biridir. Xalqımız həmişə öz milli və dini dəyərlərinə, tarixi ənənələrinə bağlılığını qoruyub saxlamış və bu bayramı böyük təntənə ilə qeyd etmişdir. Ulu Öndər Heydər Əliyev xalqımızın yüzilliklərlə əldə etdiyi milli-mənəvi və dini dəyərlərinin cəmiyyətin mədəni inkişafında müstəsna rol oynamasına həmişə diqqət göstərmişdir. Fərəhlə qeyd edə bilərik ki, bu şərəfli missiyasını hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurla davam etdirir. Bu gün də Azərbaycanda mütərəqqi islami dəyərlər və adət-ənənələr uca tutulur, cəmiyyətimizdə milli-mənəvi həmrəylik, humanizm, şəfqət və mərhəmət duyğuları aparıcı mövqedədir. Qurban bayramı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun azad etdiyi torpaqlarımızda, Şuşada, Xankəndidə, bir sözlə, bütün Azərbaycanda böyük sevinc və yüksək əhval-ruhiyyə ilə keçirilir. Dövlətimizin tərəqqisi, xalqımızın əmin-amanlığı naminə dualar oxunur, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilir. Müsəlman aləmi üçün əziz olan bu bayramda kəsdiyiniz qurbanların və etdiyiniz duaların Tanrı dərgahında qəbul olunmasını diləyir, bir daha Sizi Müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, uca Allahdan ailələrinizə səadət, süfrələrinizə bol ruzi diləyir, Vətənimizin işıqlı gələcəyi, xalqımızın rifahı üçün edilən duaların, kəsilən qurbanların qəbul olunmasını arzulayıram.
Qurban bayramıniz mübarək!