Martın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin Təşkilat komitəsinin əməkdaşları tərəfindən təlim keçirilib. Təlimin keçirilməsində məqsəd III MDB oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı təhsil müəssisələrindən könüllülərin cəlb edilməsi və təşviqat-təqdimatlar aparılması olub. Tədbirdə əvvəlcə ADPU-nun Şəki filialının Karyera mərkəzinin müdiri Xuraman Həmidova çıxış edərək, qonaqları təqdim edib və təlimin məqsədi haqqında məlumat verib. Təlimçilər Arifə Əliyeva, Əli Xəlilov, Fidan Feyzullazadə tələbələrə III MDB oyunlarının 2025-ci ildə “Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” elan edilən Gəncə və ölkənin digər 6 şəhərində keçiriləcəyini qeyd ediblər. Bildirilib ki, sentyabrın 28-dən oktyabrın 8-dək davam edəcək yarışlarda Gəncədə 8, Mingəçevirdə 4, Qəbələdə 4, Şəkidə 3, Göygöldə 2, Yevlaxda 1 və Xankəndidə 1 olmaqla, ümumilikdə 23 idman növü üzrə yarışlar təşkil ediləcək və oyunlarda MDB ölkələrinin idman heyətləri ilə yanaşı, Azərbaycan hökumətinin dəvəti əsasında bir sıra digər ölkələrin idmançıları da iştirak edəcəklər. Təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda təlimçilər iştirakçilara suallarla müraciət edərək, düzgün cavab verən tələbələrə hədiyyə təqdim ediblər.