- Details
- Dərc edilib: 23 Sentyabr 2026
- Oxunma sayı: 38
Sentyabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı, TEC-in sədri, baş müəllim Səadət Feyzullayevanın rəhbərliyi ilə Təhsildə sosial-psixoloji xidmət ixtisasının I tədris ili tələbələrinin Şəki Tarix və Diyarşünaslıq Muzeyinə ekskursiyası təşkil olunub.
Ekskursiyanın əsas məqsədi tələbələrin Şəkinin zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olmalarına, onların tarixi-mədəni dəyərlər haqqında biliklərinin genişləndirilməsinə və milli-mədəni irsə maraqlarının artırılmasına töhfə vermək olub.
Ekskursiya zamanı tələbələr Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı şəkildə yenidən qurulan muzeydə qorunan müxtəlif tarixi dövrlərə aid zəngin eksponatlarla tanış olublar. Muzeyin ekspozisiyasında Şəkinin tarixi, məişəti, sənətkarlığı və mədəni həyatını əks etdirən nümunələr tələbələrin diqqətinə çatdırılıb.
Tələbələr Şəkinin zəngin tarixi və mədəni irsini özündə əks etdirən döyüş və məişət əşyaları, zərgərlik nümunələri, ipəkçilik, kulinariya, misgərlik, dulusçuluq və digər sənət sahələrinə aid eksponatlarla yaxından tanış olublar.
Ekskursiya tələbələr tərəfindən maraqla qarşılanıb və onların həm nəzəri biliklərinin zənginləşdirilməsinə, həm də doğma bölgənin tarixi-mədəni irsinin daha yaxından öyrənilməsinə imkan yaradıb.
