- Details
- Dərc edilib: 26 Noyabr 2026
- Oxunma sayı: 82
Noyabrın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında yanğın təhlükəsizliyi qaydalarına riayət olunması və fövqəladə hallar zamanı davranış qaydalarına həsr olunmuş maarifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd tələbə və əməkdaşların yanğın təhlükəsizliyi sahəsində biliklərinin artırılması, mümkün təhlükələrin qarşısının alınması yolları barədə məlumat vermək və fövqəladə hallarda düzgün davranış vərdişlərinin formalaşdırılması olub. Tədbirdə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektorları - kapitan Vüsal Meşədi-Məhərrəmov və baş leytenant Emin Hüseynov, filialın rəhbərliyi, əməkdaşları və tələbələrin bir qrupu iştirak ediblər. Tədbiri filialın tədris işləri üzrə direktor müavini, dosent Gülarə Abdullayeva giriş sözü ilə açaraq, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının, fövqəladə hallara hazırlıqlı olmağın və bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətini vurğulayıb. Sonra inspektorlar - kapitan Vüsal Meşədi-Məhərrəmov və baş leytenant Emin Hüseynov mövzu ilə bağlı məruzə ediblər. Onların məruzələrində yanğın təhlükəsizliyi qaydaları, yanğın hadisələrinin qarşısının alınması, elektrik cihazlarından düzgün istifadə, yanğın zamanı ilkin davranış və təxliyə qaydaları barədə ətraflı məlumat verilib. Eyni zamanda, fövqəladə hallar zamanı düzgün qərar qəbul edilməsinin və təhlükəsizlik tədbirlərinə əməl olunmasının vacibliyi diqqətə çatdırılıb. Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Sonda dosent Gülarə Abdullayeva qonaqlara maarifləndirici tədbirin keçirilməsinə görə təşəkkürünü bildirib, belə tədbirlərin vaxtaşırı təşkil olunmasının, eləcə də bütün tələbələr üçün belə görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb.
