2024-cü il aprel ayının 16-da ADPU-nun Şəki filialında tələbələr arasında keçiriləcək növbəti fənn olimpiadasına hazırlıq üzrə yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib. İclası giriş sözü ilə açan Təşkilat Komitəsinin sədri tar.ü.f.d. Vüsal Baxışov bildirib ki, 2024-cü il aprel ayının 4-də filial direktoru dosent Vurğun Məmmədov fənn olimpiadasının keçirilməsi barədə müvafiq əmr imzalamışdır. Olimpiadanın aşağıdakı istiqamət və fənlər üzrə keçirilməsi nəzərdə tutulmuşdur.
• Azərbaycan dili;
• Azərbaycan tarixi;
• Azərbaycan coğrafiyası;
• Ədəbiyyat;
• Riyaziyyat;
• İnformatika;
• Pedaqogika;
• Psixologiya;
• İngilis dili;
• Fransız dili;
• Həyat bilgisi və onun tədrisi metodikası.
Çıxışına davam edən Tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən, Humanitar fənlər kafedrasının müdiri, b.m. Vüsal Baxışov qeyd etdi ki, builki olimpiadanın aprel ayının 26-da keçirilməsi nəzərdə tutulub. Olimpiadaya hazırlıqla bağlı demək olar ki, ilkin hazırlıq işləri başa çatdırılıb. Daha sonra komissiyanın üzvləri Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri, professor Firədun İbrahimov, Elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev, Ümumelmi fənlər kafedrasının müdiri, dosent Sədrəddin Bədiyev, Dillər kafedrasının müdiri, b.m. Əsmayə Əkbərova, Karyera mərkəzinin müdiri, b.m. Xuraman Həmidova çıxış edərək olimpiadanın keçirilməsi ilə bağlı təkliflərini bildiriblər. Professor Firədun İbrahimov qeyd edib ki, rəhbərlik etdiyi kafedrada müvafiq fənlər üzrə sualların hazırlanması prosesi başa çatdırılıb və tələbə biliyinin qiymətləndirilməsi üçün ixtisaslı müəllimlərdən ibarət münsiflər heyətinin tərkibi formalaşdırılıb. Daha sonra müzakirənin gedişində hər bir olimpiada iştirakçısına verilən sualları cavablandırmaq üçün 120 dəqiqəlik zamanın ayrılması, eləcə də hər bir fənn üzrə verilən tapşırıqların bir variantda 10 sualdan ibarət olmaqla tərtib edilməsi barədə qərar qəbul edilib. Qəbul edilmiş qaydaya əsasən olimpiada iştirakçıları bir variantda onlara təqdim edilmiş 10 sualdan arzu etdikləri ən azı 5 suala cavab hazırlamalıdırlar və onların cavabları münsiflər heyəti tərəfindən 100 ballıq şkala üzrə qiymətləndirilməlidir. Belə bir formatın seçilməsi onunla əsaslandırılmışdır ki, fənn olimpiadası öz spesifikliyi ilə digər yarış və müsabiqələrdən seçildiyindən hər bir iştirakçının öz istedad və bacarığını fərdi qaydada nümayiş etdirməsinə imkan yaradılmalı, tapşırıqlar cavablandırılarkən kreativ yanaşma ortaya qoyulmalıdır.
Xüsusilə qeyd edildi ki, Təşkilat Komitəsinin üzvlərinin diqqət etdikləri əsas məsələ və qarşıya qoyulan başlıca vəzifə sualların hazırlanması prosesində məxfiliyin, cavabların emalı zamanı şəffaflığın, nəhayət qiymətləndirmə prosesində obyektivliyin qorunması və təmin edilməsi olmalıdır.
İclasın sonunda qərara alınıb ki, bütün hazırlıq işləri cari ilin aprel ayının 23-dək başa çatdırılsın və komissiyanın həmin gün keçiriləcək iclasında yekun müzakirəyə təqdim edilsin.