Oktyabrın 18-də Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan dövləti” mövzusunda tədbir keçirilib.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, idarə və təşkilatların rəhbər şəxsləri, ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ağsaqqallar, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının əməkdaşları iştirak ediblər. Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Elman İmamverdiyev çıxış edərək Ulu Öndərin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən, xilaskarlıq missiyasından bəhs edib, müstəqil respublikamızın əldə etdiyi uğurların birbaşa Heydər Əliyevin adı ilə bağlı olduğunu, onun layiqli davamçısı Prezident cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin iqtisadi qüdrətinin daha da artdığını bildirib, ölkəmizin daha da güclənməsi üçün görülən fasiləsiz işlərin məntiqi nəticəsinin isə tarixi ədalətin bərpa olması – Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi olduğunu vurğulayıb.
Sonra Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 33-cü ildönümü münasibətilə, Şəkinin ictimai-siyasi həyatında yaxından iştirakına görə bir qrup şəxsə Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim edilib. Təltif edilənlər arasında ADPU-nun Şəki filialının tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva da olub.
Tədbirdə Azərbaycan Dövlət Televiziyasının istehsal etdiyi “Heydər Əliyev. Zamanın fövqündə” sənədli filmi nümayiş etdirilib.