- Details
- Dərc edilib: 17 Yanvar 2025
- Oxunma sayı: 41
Yanvarın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında 20 yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş “Qəhrəmanlıq və Qürur Dastanı” adlı anım tədbiri keçirilib.
Tədbirdən öncə iştirakçılar filialın kitabxanasının əməkdaşları tərəfindən 20 yanvar faciəsinə aid foto və sənədli materiallardan təşkil olunmuş “20 yanvar-35” adlı sərgi ilə tanış olublar.
Anım tədbirini filialın direktoru dosent Vurğun Məmmədov açıb, bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan 20 yanvar faciəsinin baş vermə səbəbləri, ağır nəticələri barədə məlumat verib. Tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 20 yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Anım tədbirində Humanitar fənlər kafedrasının baş müəllimləri Tahir Məhərrəmov və Mirvari Eminovanın “20 yanvar milli azadlıq və müstəqillik uğrunda mübarizənin zirvəsidir”, “20 yanvar qan yaddaşımızda milli oyanışın təntənəsidir”, Pedaqoji fakültə dekanlığının tütoru Aytən Çələbiyevanın “Qara yanvar - qırmızı qərənfillər” mövzularında çıxışları dinlənilib.
Tədbirdə yekun sözlə çıxış edən filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev qeyd edib ki, 20 yanvar sovet imperiya rejiminin xalqımızın azadlıq ruhunu məhv etmək üçün əl atdığı ən məşəqqətli cinayət kimi tarixə ədəbi həkk olunub. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisin 29 yanvar 1994-cü il tarixli iclasında 20 yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət verilib, çoxsaylı insan tələfatı ilə nəticələnən bu amansız faciə qətiyyətlə pislənilib, günahkarların cəzalandırılması tələb olunub.